Polis Cammu və Kəşmirdə yürüş edən onlarla müsəlmanı saxlayıb

Hindistanda polis Məhərrəm ayı münasibətilə Cammu və Kəşmir bölgəsində yürüş edən onlarla şiəni saxlayıb.

Hindistanda polis Məhərrəm ayı münasibətilə Cammu və Kəşmir bölgəsində yürüş edən onlarla müsəlmanı saxlayıb.

Şiələr Cammu Kəşmirin xüsusi statusunun ləğvinin 3-cü ili ilə əlaqədar bəzi bölgələrdə məhdudiyyətlərin tətbiq olunduğu Şrinaqarda Məhərrəm ayının 8-i günü ənənəvi yürüş təşkil etmək üçün bir araya gəlib.

Məhdudiyyətlər səbəbilə müsəlmanlara müdaxilə edən Hindistan polisi onlarla insanı saxlayıb.

SİA-nın bəzi qaynaqlardan əldə etdiyi məlumata görə, yerli mediada yer alan görüntülərdə polisin yürüş iştirakçılarından bəzilərini yerdə sürüyərək aparması diqqət çəkib.

Qeyd edək ki, Hindistanda əvvəlki illərdə Məhərrəm ayı üçün təşkil edilən tədbirlərə polisin müdaxiləsi nəticəsində çoxlu sayda insan yaralanıb.

Dünyanın hər yerindən müsəlmanlar Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn və onun səhabələrinin Kərbəlada şəhadətinin 1383-cü ildönümü münasibətilə təşkil edilən anım tədbirlərində iştirak edirlər.

Xatırladaq ki, Hindistan 5 avqust 2019-cu ildə Cammu və Kəşmirə yarım əsrdən çox imtiyaz verən konstitusiyanın 370-ci maddəsini ləğv edərək, bölgənin xüsusi status strukturunu aradan qaldırıb və əyaləti iki yerə bölüb.

Rəsmi olaraq mərkəzə bağlı olan Cammu Kəşmir və Ladax 31 oktyabr 2019-cu ildə “Birlik ərazisi” statusu ilə iki bölgəyə bölünüb.

Qərardan sonra Hindistan təhlükəsizlik qüvvələri Cammu və Kəşmirdə insanlara qarşı təhlükəsizlik əməliyyatlarını və təzyiqləri artırıb, internet, telefon və nəqliyyat məhdudiyyətləri, habelə komendant saatı tətbiq edilib, bölgədəki yerli partiyaların rəhbərləri və üzvləri saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...