“Türkiyəni Rusiya-Ukrayna müharibəsinin mənfi təsirlərindən qoruya bildik"

Prezident Rəcəb Tayyib Ərdoğan əməkdaşlıq, sülh və diplomatiyanı ön planda tutan balanslı siyasətləri ilə Türkiyəni Rusiya-Ukrayna müharibəsinin mənfi təsirlərindən qorumağa müvəffəq olduqlarını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Kocaelində İnformasiya Texnologiyaları Vadisində keçirilən mükafatlandırma mərasimindəki çıxışında Türkiyə başçısı söyləyib: “Bir ölkə texnoloji müstəqilliyini əldə etmədən, milli sənayesini qurmadan iqtisadi və ya siyasi sahədə azadlığını qazana bilməz.

Müdafiə sahəsində xaricdən asılılıq ciddi problemlər yaratdığı kimi texnologiya və istehsalda da xaricdən asılılıq eyni risklərlə üzləşdirir. “Covid-19” epidemiyası zamanı yaşanan hadisələr bu reallığı açıq şəkildə ortaya qoydu.

Türkiyə keçən il 11 faiz artımla G20 ölkələri arasında birinci yerdə oldu. Bu ilin ilk rübündə 7,3 faiz artım əldə etdik və hər ay ixracat rekordu qırdıq.

Pilotsuz uçuş aparatlarında (PUA) da dünyada bu sahədə Türkiyə ilə ortaq sərmayələrə girmək istəyən super güclər var.

Sənayesi, istehsal gücü, ixtisaslı işçi qüvvəsi, üç qitəni birləşdirən strateji mövqeyi, səhiyyə və nəqliyyat infrastrukturu ilə ölkəmizin ulduzu getdikcə parlayır. Allaha şükürlər olsun ki, qlobal ərzaq və enerji böhranının hökm sürdüyü bir vaxtda biz kifayət qədər rahatıq. Biz Türkiyəni Ukrayna müharibəsinin mənfi təsirlərindən qorumağa müvəffəq olduq. Taxıl dəhlizinin açılması ilə Türkiyənin qlobal problemlərin həllində əsas rolunu bir daha təsdiqlədik.”

Bütün xəbərlər Facebook səhifəmizdə