Filippin Prezidenti ABŞ ilə əlaqələri möhkəmləndirəcəyini vəd edib

Filippin Prezidenti Ferdinand Markos ABŞ-ın dövlət katibi Entoni Blinkenlə ilk görüşündə bu ölkə ilə əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri o, avqustun 6-da Manilada keçirilən görüş zamanı səsləndirib.

Görüşün əvvəlində E.Blinken iki ölkə arasında münasibətlərin əhəmiyyətini vurğulayaraq, bu əlaqələri müttəfiqlik adlandırıb. Bu ittifaqın daha da möhkəmləndirilməsinin zəruriliyini qeyd edib. ABŞ-ın ümumi problemlərini aradan qaldırmaq üçün Filippin ilə birgə fəaliyyətə hazır olduğunu da vurğulayıb.

Öz növbəsində Ukrayna və Tayvan ətrafında yaranmış gərginliyi xatırladan F.Markos beynəlxalq diplomatik arenanın qeyri-sabit olduğunu bildirib. Baş verən bütün dəyişikliklərə baxmayaraq, ölkəsinin ABŞ ilə əlaqələri inkişaf etdirəcəyinə əmin olduğunu deyib.

Mütəxəssislərin rəyinə görə, F.Markos sələfi Rodriqo Dutertedən fərqli olaraq, ABŞ ilə münasibətləri yaxşılaşdırmağa çalışır.

Xatırladaq ki, keçmiş Prezident bir dəfə ABŞ qoşunlarının Filippində yerləşməsi barədə müqavilənin dayandırılmasının mümkünlüyünü bildirmişdi.

Həmin gün Filippinin xarici işlər naziri iki ölkə arasında xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə gələn ilin əvvəllərində “2+2” formatında görüşünü planlaşdırıldığını elan edib.

Nazirlikdən, həmçinin bildirilib ki, cari ilin sentyabrında keçiriləcək BMT Baş Assambleyasının iclası çərçivəsində F.Markosun ABŞ Prezidenti Cozef Bayden ilə görüşünün təşkili istiqamətində hazırlıq işləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...