"G7 ölkələri Çinin təlimlərindən 'həyəcanlanıb"?

"G7 ölkələri Çinin təlimlərindən 'həyəcanlanıb"?

Almaniya Xarici İşlər Nazirliyinin saytında dərc olunan birgə bəyanatda G7 ölkələrinin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfəri fonunda Pekinin Tayvana qarşı “hədələyici hərəkətləri”ndən təşvişə düşdüyü deyilir.

Bəyanatda vurğulanır ki, “canlı atəş təlimləri və lazımsız eskalasiyanı təhdid edən iqtisadi təzyiq tədbirləri” xüsusi narahatlıq doğurur. G7 nümayəndələri hesab edirlər ki, Pelosinin səfərindən “Tayvan boğazında aqressiv hərbi fəaliyyət üçün bəhanə kimi istifadə edilməsinə heç bir əsas yoxdur”.

G7 Pekini “bölgədəki status-kvonu güc yolu ilə və birtərəfli qaydada dəyişməyə deyil, Taypey ilə fikir ayrılıqlarını dinc vasitələrlə həll etməyə” çağırıb. Eyni zamanda, G7 dövlətləri “bir Çin” prinsipinə əsaslanan siyasətə sadiq qalmağa davam etdiklərini vurğulayıblar.

Xatırladaq ki, Pelosi Tayvana çərşənbə axşamı gəlib və Tayvan administrasiyasının rəhbəri Tsai İnq-ven və Tayvan qanunverici orqanının vitse-spikeri Tsai Qichang da daxil olmaqla bir neçə rəsmi şəxslə görüşlər keçirib. Çərşənbə günü o, Taypeydən Cənubi Koreyaya uçub.

Çin Xarici İşlər Nazirliyi bu səfərlə bağlı qətiyyətli, güclü və təsirli tədbirlər vəd edib və onların həm ABŞ-da, həm də Tayvanda hiss ediləcəyi ilə hədələyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə