Belarus Çini dəstəkləyir...

Belarus Xarici İşlər Nazirliyi ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən narahatlığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, nazirliyin saytında deyilir: “Belarus Respublikası strateji tərəfdaşımız olan Çin Xalq Respublikasının Vaşinqtonun dağıdıcı hərəkətləri ilə bağlı narahatlığını tam şəkildə bölüşür”.

Minsk ABŞ-ın hərəkətlərini “Çinin daxili işlərinə müdaxilə və vəziyyətin gərginləşməsi” kimi qiymətləndirib.

Bəyanatda həmçinin deyilir ki, Belarus “bir Çin prinsipi” əsasında Çin və Tayvan arasında “münasibətlərin sülh yolu ilə inkişafının” tərəfdarıdır.

“Əminik ki, Çin rəhbərliyi və Tayvan administrasiyasının nümayəndələri kənardan gələn təxribatlara baxmayaraq, vəziyyəti kritik təhlükəli xəttdən yayındırmaq üçün təmkin və siyasi müdriklik nümayiş etdirə biləcəklər”.

Qeyd edək ki, bu da Belarus Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi Pelosinin Tayvana səfərinə görə ABŞ-ın Çindəki səfiri Nikolas Börnsü çağıraraq ona etiraz edib.

Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyi də Pelosinin Tayvana səfərini “açıq-aşkar təxribat” hesab edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə