“Taxıla görə BMT də öz öhdəliklərini yerinə yetirməlidir”

Paytaxt Moskvada jurnalistlərə açıqlamasında D.Peskov bildirib...
“Taxıla görə BMT də öz öhdəliklərini yerinə yetirməlidir”

Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov Rusiyanın Odessa limanındakı yalnız hərbi infrastruktura hücum etdiyini söyləyib, "Hücumların taxıl daşınması müqavilələrini həyata keçirmək üçün istifadə edilən infrastrukturla heç bir əlaqəsi yoxdur. Bu, daşınma prosesinin başlanmasına təsir göstərmir və göstərməməlidir", - deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu paytaxt Moskvada jurnalistlərə açıqlamasında D.Peskov bildirib: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsində Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında 22 iyulda "Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması sazişi" ilə bağlı saziş imzalanıb. Taxıl daşınması ilə bağlı razılaşmanın əldə olunması üçün çox gərgin işlər gedib. Ancaq müqavilə həyata keçənə qədər yaradılan bəzi mexanizmlər yenə gözdən keçirilməlidir.

Rusiyanın taxıl və gübrə istehsalçılarına tətbiq edilən dolayı məhdudiyyətlərlə bağlı BMT də öz öhdəliklərini yerinə yetirməlidir. Birbaşa məhdudiyyətlər yoxdur, lakin bu daşınmaların tam həyata keçirilməsinə mane olan dolayı məhdudiyyətlər vardır ki, bu da beynəlxalq bazarlar, xüsusən də aclığın baş qaldırmağa başladığı regionlar üçün çox zəruridir. Bu, həqiqətən də vacibdir”.

Dmitri Peskov Rusiyanın iyulun 23-də Odessa limanına raket hücumu ilə bağlı bunları nəzərə çatdırıb: "Hücumlar yalnız hərbi infrastruktura aiddir. Bunun taxıl daşınması müqaviləsinin həyata keçirilməsi üçün istifadə olunan infrastrukturla heç bir əlaqəsi yoxdur. Daşınma prosesinin başlanmasına bu təsir etmir və etməməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə