Qərbin yanacaq problemi həll olunur?

İraq və Səudiyyə Ərəbistanı Avropa İttifaqına neft tədarükünü artırır
Qərbin yanacaq problemi həll olunur?

ABŞ mediası Səudiyyə Ərəbistanı və İraqdan Avropaya xam neft tədarükünü artırdığını yazır. Bu da təbii ki, “Avropa neftayırma zavodlarına Rusiyadan gələn neft çatışmazlığını tez aradan qaldırmağa kömək edir”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, iyulun ilk üç həftəsində Yaxın Şərqdən Avropaya gündə bir milyon bareldən çox neft çatdırılıb. Qeyd olunub ki, boru kəməri tədarüklərində Səudiyyə Ərəbistanından gələn neft üstünlük təşkil edir.

Amma etiraf edilməlidir ki, əvvəlki vaxtlarla müqayisədə İraq da hasilatı artırır.

“İndi biz bu barellərin bir hissəsinin Asiyadan Avropaya yönəldildiyini görürük. Bu onunla bağlıdır ki, Avropa Rusiya barelinin alışını azaldır, Rusiya isə əvəzində öz neftini Yaxın Şərqin əsas bazarı olan Asiyaya göndərir”.

Qeyd edək ki, bunu əmtəə analitiki Giovanni Staunovo “Bloomberg” nəşrindən sitat gətirib.

...O da bildirilir ki, Afrikadan Avropaya göndərilən neftin bir hissəsi Misir ərazisindən keçən SuMed kəməri, digər hissəsi isə Süveyş kanalı vasitəsilə gəmilərlə tədarük edilir. Belə ki, iyulun ilk üç həftəsində Fars körfəzindən gündə təxminən 1,2 milyon barel İraq nefti nəql edilir. Müəxəssislərin ehtimalına görə, Yaxın Şərqdən Avropaya ümumi neft axınını gündə 2,2 milyon barrelə qədər artırmaq olar. Bu, isə cari ilin yanvar ayı ilə müqayisədə təxminən 90 faiz çoxdur.

Qeyd olunur ki, tədarüklərdə dəyişikliklər Rusiya neftinin artan həcmlərinin Baltik və Qara dəniz limanlarından Hindistan və Çindən alıcılara keçməsi ilə baş verir.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Yaxın Şərqə turneyə çıxıan ABŞ prezidenti Cozef Baydenin əsas məqsədlərindən biri səudiyyəli vəliəhdi ABŞ-da yanacaq böhranını az da olsa cilovlamaq üçün Avropaya ixracatı artırmaq və Rusiya ilə təmasları məhdudlaşdırmağa inandırmaq idi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə