Britaniyanın keçmiş baş naziri Toni Bleyr Çinin dünyanın ikinci qüdrətli dövləti olacağı barədə danışarkən, mən rusların burada birinci yerə iddialı olduqlarına elə də şübhə etmirəm.
“Dünya ruslara...qalacaq?”

Rusiyanın Ukraynada xüsusi əməliyyatına başlaması Qərbin siyasi və iqtisadi hökmranlığının sona yaxınlaşdığını göstərdi. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr deyib.

Rusiyanın Ukraynada xüsusi əməliyyata başlaması göstərdi ki, Qərb artıq böyük dünya güclərinin müəyyən edilmiş qaydalara əməl edəcəyini gözləyə bilməz.

Rus saytlarının yazdığına görə, Toni Bleyr bu fikirləri Bosniyanın “Index HR” portalına danışarkən bildirib.

Təbii ki, bu səpkili yazılara meyilli rus saytları daha sonra bildirirlər ki, Britaniyanın keçmiş baş naziri, az qala tam əminliklə, “...Biz Qərbin siyasi və iqtisadi üstünlüyünün sonuna yaxınlaşırıq” deyib.

Lakin burada maraqlı nüanslardan biri, Toni Bleyr əsrin ən böyük geosiyasi dəyişikliyinin Rusiyada deyil, Çində baş verəcəyini deməsidir. O, Çinin "ikinci supergüc" kimi dünyada təsirinin artacağını istisna etməyib.

Yeri gəlmişkən, bir müddə bundan əvvəl Fransanın keçmiş senatoru İv Pozzo di Borqo ABŞ-ın dünya hökmranlığının Ukrayna və anti-Rusiya sanksiyaları səbəbindən sona çatacağını bildirmişdi.

...Venesuelalı deputat Julio Çavez də “küyə düşüb” Qərb sanksiyalarının ABŞ və onun dollarının üstünlüyünü dəfn edəcəyini bildirmişdi.

Təbii ki, rus saytlarının burada “The Guardian” a istinadən guya Qərb sanksiyalarının Rusiyaya çox az təsir edib, Avropanın onlardan artıq əziyyət çəkməsi barədə xatırlaması,..artıq bəlli nağıllardan biri olaraq qalmaqdadır.

Bu arada, sən demə, Britaniyada Rusiya Federasiyasına qarşı sanksiya müharibəsi ingilislər arasında ələ salınıb...gülülür. Bunu da rus saytları yazır.

...Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Donbassın azad edilməsi üçün xüsusi əməliyyat keçirir, onun məqsədi Ukraynanın demilitarizasiyası və denazifikasiyasıdır. O qeyd edib ki, Rusiya Ukrayna tərəfindən soyqırıma məruz qalan Donetsk və Luqansk Xalq Respublikalarının sakinlərinə də kömək edir.

Nə böyük humanistlik.

P.S. Britaniyanın keçmiş baş naziri Toni Bleyr Çinin dünyanın ikinci qüdrətli dövləti olacağı barədə danışarkən, mən rusların burada birinci yerə iddialı olduqlarına elə də şübhə etmirəm.

Amma maraqlıdır, hansı səviyyə ilə? Siz mənə hansısa bir rusun oğurluq olmayan “ixtirası”nı göstərə bilərsinizmi? Deyim ki, rusların “Kalaşnikov”undan tutmuş, “Vostok” gəmisinə qədər hamısı oğurluqdur...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə