Qara dəniz vasitəsilə taxıl və məhsullar nə zaman daşınacaq?

Qara dəniz vasitəsilə taxıl və məhsullar nə zaman daşınacaq?

Qara dəniz vasitəsilə taxıl və kənd təsərrüfatı məhsullarının daşınması üçün yaradılacaq dəhliz gələn həftə Türkiyə, Ukrayna, Rusiya və BMT tərəfindən müvafiq sənədin imzalanmasından sonra fəaliyyətə başlayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu məsələ ilə bağlı iyulun 13-də İstanbulda keçirilən dördtərəfli danışıqlarda Türkiyə, Ukrayna və Rusiyanın hərbi nümayəndə heyətləri, həmçinin BMT nümayəndələri iştirak edib. Türkiyənin müdafiə naziri Hulusi Akar görüşdən sonra taxıl dəhlizinə dair yekun sənədin gələn həftə imzalana biləcəyini deyib.

Türkiyənin “Yeni Şafak” qəzeti yazır ki, İstanbulda BMT-nin nəzdində yaradılacaq koordinasiya mərkəzinin fəaliyyəti ilə bağlı təfərrüatlar gələn həftə, dördlüyün görüşü zamanı məlum olacaq. “Texniki razılaşmaya” əsasən, taxıl dəhlizinin keçid prosesi BMT tərəfindən koordinasiya ediləcək. Taxıl ixracının planlaşdırıldığı limanlarda üç ölkənin nümayəndələri fəaliyyət göstərəcək. Onlar gəmilərin Ukrayna limanlarından İstanbul limanlarına qədər daşıma prosesinə nəzarət edəcəklər.

İstanbulda keçirilən görüşdə həmçinin Ukrayna limanlarının minalardan təmizlənməsi ilə bağlı razılaşma əldə olunub. Bu işlə məşğul olacaq Ukrayna taxıl daşıyan gəmilərin marşrutunu da müəyyən edəcək.

Türkiyə, Ukrayna, Rusiya hərbi nümayəndə heyətlərinin və BMT nümayəndələrinin taxıl dəhlizinin yaradılması üzrə növbəti görüşü iyulun 20-21-də baş tuta bilər. Hazırda tərəflər imzalanması planlaşdırılan sənədin detalları üzərində işləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə