...Yəqin eşitmiş olarsınız, ermənilərin dediyinə görə, iyunun əvvəlində Vayots-Dzorun sərhəd kəndinin sakini Aşot Xaçatryan üç naməlum şəxs tərəfindən oğurlanaraq zorla Naxçıvana aparılıb. Təbii ki, yenə də ermənilərin dediyinə görə, oğrular azərbaycanlı olub və 9 gündən sonra Aşotu sağ və salamat gətirib geri qaytarıblar.
Deməli, Aşotun oğurlandığının üçüncü günü onun qardaşı duyuq düşərək bu barədə erməni polisinə şikayətçi düşüb. Sonradan erməni müstəntiqlər müəyyən ediblər ki, Aşot iyunun 3-də saat 09:00 radələrində təkbaşına evdən çıxaraq quzuqulağı, bağayarıağı toplamaq üçün “Cahatsi Dzor” adlanan sərhəd ərazisinə gedib.
...Və bu vaxt üç azərbaycanlı ona yaxınlaşaraq onun istəyinə zidd olaraq Aşotu Naxçıvana aparıblar. İyunun 12-də isə Aşot kəndə gəldiyi həmin əraziyə, yəni Cahatsi Dzora qaytarılıb. Bu dəfə də ermənilərin dediyinə görə, hazırda
istintaq davam edir.
...Göründüyü kimi, yığcam və lakonik. İndi həmən o üç azərbaycanlını Avropa məhkəməsinə vermək üçün bütün əsaslar var.
Təbii ki, bu gün qaçırılan erməni, yəni Aşot qaytarılsa da, amma burada erməniləri narahat edən bəzi məsələlər var. Məsələn onlar deyirlər ki, əgər sabah həmən o üç azərbaycanlı yenidən gəlib başqa bir ermənini “qaçırsalar” biz daha buna təəccüblənməyəcəyik.
Çünki sabah çökməkdə olan dövlətimizdə baş verən qanunsuzluqlarla bağlı şübhəsiz ki, daha da heyrətləndirici xəbərlər olacaq.
Təbii ki, ermənilər həmişə olduğu kimi, yəni bütün günahları Nikolda gördükləri kimi, elə bunu da onun adına yazırlar. Lakin “illüziyalarla özünüzə təsəlli verməyin, biz hələ dibinə çatmamışıq” deyə, hələ bir Paşinyanla “məzələnirlər” də...
Deyim ki, buna baxmayaraq, “Aşotun oğurlanması” bağlı erməni cəmiyyətində hərənin ağzından bir avaz gəlir. Budur, Murad Papazyan...dünənə qədər ölkədə Nikolu tənqid edənlər az imiş kimi, biri də diaspor xətti ilə gəlib.
Deməli, elə Aşotun oğurlanması da daxil olmaqla, Ermənistandakı son yaşantılara “təəssüfləndiyini” bildirən Papazyan, əminliklə, Nikolun nəinki, artsaxı, hətta Ermənistanı belə qoruya bilmədiyini deyir. Papazyana görə, Paşinyan bu gün ölkəni nəinki müdafiə etmir, hətta onu zəiflədir. Ən təhlükəlisi isə Türkiyə və Azərbaycanla münasibətlər qurmaq istəyir. Təbii ki, Nikol bu hərəkətləri ilə qarşı tərəfə yeni erməni Aşot kimiləri oğurlamağa əlavə şans vermiş olur.
Qeyd edilməlidir ki, “Aşot məsələsi”ndə nəinki təkcə Nikol Paşinyan, hətta ölkənin özəl strukturları da günahlandırılır. Onlara görə, əslində, üç gün elə də az vaxt deyil. Belə ki, bu üç gündə faktiki girovluqda olan Ermənistan vətəndaşına baş çəkməsi üçün niyə Qırmızı Xaç Cəmiyyətinə məlumat verilməyib?
Heç olmasa onlar gedib Aşotun nə yeyib içdiyi il maraqlanardılar.
Təbii ki, əslinə qalsa, Aşotun oğurlanması ilə bağlı məsələ bəlkə elə bu yaxınlarda unudulub gedəcək. Amma buna baxmayaraq, Azərbaycanın bu əməlinə qarşı əlavə tədbirlər görməlidir.
Doğrudan da, Aşot yiyəsiz-zadsızdı bəyəm?
Qeyd edilməlidir ki, burada, məncə, ən gözəl təklifi İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan verir.
Onun dediyinə görə, guya bu günlərdə Azərbaycan tərəfi “böyük bir vahimə ilə” 5 milyon əhalisi olan Ermənistandan qorxduğunu dilə gətirib.
Voskanyana görə, ermənilərin gözəl kəlamlarından biri olan “düşməni dinlə və əksini et” prinsipi bu halda tam yerinə düşür: “Ona görə də bizim prioritet gündəmlərimizdən biri Ermənistan və artsaxda əhalinin əhəmiyyətli artımını stimullaşdırmaq və mühacirətin qarşısını almaq olmalıdır. Bunun üçün isə elə bu gündən başlayaraq bütün erməni arvadlarına 1-2 uşaqla kifayətlənməyib, onlara ən azı 4-5 uşaq doğmağı məsləhət görürəm”.
Sizi bilmirəm, amma məncə gözəl təklifdir...
Qeyd edim ki, məsələnin o biri tərəfinə baş aparmayan Voskanyan, bircə erməni cəmiyyətində hələ də matriarxatlığın hökm sürdüyünü etiraf edib.
...Deyirəm, doğrudan da, alim olanda da beləsindən olasan.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB