Macarıstanda enerji ilə əlaqədar fövqəladə vəziyyət elan edildi

Həftəlik mətbuat konfransında Rusiya-Ukrayna müharibəsinin uzanması və Avropa İttifaqının (Aİ) Rusiyaya tətbiq etdiyi sanksiyalar səbəbindən bütün Avropada enerji qiymətlərinin çox artdığını söyləyən Q.Qulyaş bildirib
Macarıstanda enerji ilə əlaqədar fövqəladə vəziyyət elan edildi

Macarıstanın dövlət naziri Qerqeli Qulyaş (Gergely Gulyas) bildirib ki, hökumət Avropada enerji qiymətlərinin artması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

SİA-nın əldə etdiyi məlumata görə, həftəlik mətbuat konfransında Rusiya-Ukrayna müharibəsinin uzanması və Avropa İttifaqının (Aİ) Rusiyaya tətbiq etdiyi sanksiyalar səbəbindən bütün Avropada enerji qiymətlərinin çox artdığını söyləyən Q.Qulyaş bildirib: “Avropanın böyük bir hissəsində enerji böhranı yaşanır. Mövcud vəziyyətdən asılı olaraq payız-qış aylarında Avropada təbii qaz kifayət qədər olmayacaq. Macarıstan hökuməti digər ölkələr kimi sözügedən problemin həlli üçün bəzi tədbirlər görsə də, artıq bu mövzuda “enerji fövqəladə vəziyyəti” elan edir. Bununla əlaqədar avqustun 1-dən qüvvəyə minəcək 7 bənddən ibarət fəaliyyət planı hazırlanıb.

Görülən tədbirlər çərçivəsində ölkədə təbii qaz hasilatı həcmi 1,5 milyard kubmetrdən 2 milyard kubmetrə çatdırılacaq. Kömür hasilatı da çoxaldılacaq.

Hal-hazırda əhaliyə güzəştli təbii qaz və elektrik enerjisi verilir. Yalnız ev təsərrüfatlarının orta istehlak səviyyəsinə qədər olan bu dəstək avqustun 1-nədək davam edəcək.

Macarıstanda təbii qaz anbarlarının doluluq nisbəti 44 faizdir.

Hökumətin daha çox təbii qaz müqaviləsi imzalaması üçün ölkənin xarici işlər və ticarət naziri olaraq Peter Siyyartonu (Szijjarto) təyin etmişik”.

Bütün xəbərlər Facebook səhifəmizdə