Rusiya baş nazirinin müavini tezliklə istefa verəcək

Rusiya baş nazirinin müavini tezliklə istefa verəcək

Hökumətdə kosmik layihələrə və müdafiə sənayesinə nəzarət edən Rusiya baş nazirinin müavini Yuri Borisov tezliklə vəzifəsini tərk edəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RBC vəziyyətlə tanış olan mənbələrə, o cümlədən hərbi sənaye kompleksindən həmsöhbətə və iki məmura istinadən xəbər verir.

Müdafiə sənayesindəki mənbə Borisovun hansı vəzifəyə keçə biləcəyini dəqiq bilmədiyini də bəyan edir, lakin onun “böyük sənaye aktivi” ola biləcəyini də istisna etmir.

Borisov 2004-2008-ci illərdə Federal Sənaye Agentliyində radioelektron sənaye və idarəetmə sistemləri şöbəsinin müdiri vəzifəsində çalışıb, eyni zamanda şöbə müdirinin müavini olub. 2008-ci ilin iyulundan 2011-ci ilin martına qədər o, Rusiya Sənaye və Ticarət nazirinin müavini, 2012-ci ildən isə Rusiya Federasiyası Müdafiə Nazirinin müavini vəzifələrində çalışıb. Yuri Borisov 2018-ci ildən baş nazirin müavini postunu tutur.

Xatırladaq ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin hökumətdə baş nazirin müavinlərinin sayının 10-dan 11-ə çatdırılması barədə sərəncam imzalayıb. Daha sonra hökumət başçısı Mixail Mişustin sənaye və ticarət naziri Denis Manturovun namizədliyini baş nazirin müavini vəzifəsinə təsdiq etmək üçün təqdim edib.

Bu məsələyə iyulun 15-də keçiriləcək növbədənkənar sessiyada baxılacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə