“Böyük erməni xalqı” adına hörmətsizlik...

Bu gün Belarus KTMT, Gömrük İttifaqı və Aİİ kimi təşkilatlarda bizimlə bir yerdə olsa da, amma həmişə biz ermənilərə “xəyanət” edib

Olan... oldu, keçdi...

...Yadınızda olar, o vaxt Aleksandr Lukaşenkonun onsuz da “Ermənistanın gedəcək yeri yoxdur” və əvvəl-axır onun Rusiya və Belarusun İttifaq Dövlətinə qoşulması barədə bəyanatı ermənilərə yaman yer eləmişdi.

Gərək ki, o da yadınızda olar, həmən vaxt erməni “ziyalıları” Lukaşenkonu “aşağılamaq” üçün elə bil bəhsə girmişdilər, Belə ki, ermənilərdən kimi onu “kartof yamasının diktatoru”, kimi də “kolxoz sədri” kimi ayamalarla “boyamışdı”.

Qeyd edim ki, Lukaşenkonun elə ermənilər barədə həmişə dediyi adi sözlərdən biri bu dəfə onlara necə yer eləmişdisə, hətta o vaxt Nikolun yaxın silahdaşlarından biri olan “Mülki müqavilə” partiyasının üzvü, deputat Ovik Ağazaryan Belarus prezidentinə “donuz tövləsini xatırladan” Minsk hava limanının qayğısına qalmağı tövsiyə etmişdi.

Əslində, mən burada Ovikin dediyi sözlərdəki mənaaltı fikri tuta bilmişdim. Belə ki, mənə görə, o bununla Belarus rəhbərinə ermənilərin “İttifaq Dövlətinə qoşulmaq” üçün gələcəyi vaxta qədər Minsk hava limanını qaydaya salmağı məsləhət görürdü.

Amma deyim ki, yenə həmən ərəfədə Lukaşenkoya ən sərrast, lokonok daha nə bilim... nə cavabı baş nazir Nikol Paşinyan vermişdi. Təbii ki, bu boyda ölkənin baş naziridir axı, belə də olmalıdır.

Deməli o, ölkə parlamentində hökumət saatı zamanı “mənim avtomatla küçələrdə gəzdiyimi heç görmüsünüzmü?”-deyə öz erməni deputatlarına ritorik bir sual ünvanlamışdı.

Qeyd edək ki, bu, 2020-ci ilin avqustunda yerli müxalifətin o vaxtkı mübahisəli prezident seçkilərindən sonra Minskdə baş verən hadisələrə işarə idi.

Yadınızda olar, Lukaşenko həmən ərəfədə əlinə avtomat alıb “zirehli paltarda” Minskdə “gəzirdi”.

Amma, yenə də mən Nikolun bununla bağlı xatırlamasını onun ən böyük tapıntılarından biri kimi qəbul edirəm. Özünüz düşünün, belə bir məqamı yada salıb dilə gətirmək, kimin ağlına gələrdi?

Nə isə, yuxarıda da dediyimiz kimi, olan... oldu, keçdi...

Amma, sən demə, ermənilər üçün hələ keçməyibmiş.

Deməli, ötən gün Ermənilərin baş naziri Nikol Paşinyan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Nikol öz məktubunda “erməni mədəniyyətinin nümunəsi” olaraq “hörmətli Aleksandr Qriqoryeviç” müraciəti ilə də başlayıb və daha sonra “Ermənistanla Belarusun qarşılıqlı faydalı tərəfdaşlığının genişləndirilməsi və dərinləşdirilməsindən”... dəm vurub.

Amma bu, təbii ki, ermənilərə xoş gəlməyib. Belə ki, onlar deyir ki, Hikol gərək həmişə Azərbaycana sədaqət nümayiş etdirən Belarus prezidentinə belə müraciət etməyəydi.

Çünki, Lukaşenko həmişə Azərbaycanı silahla təmin edib, onun siyasətini dəstəkləyib...bizə isə...

Bu gün Belarus KTMT, Gömrük İttifaqı və Aİİ kimi təşkilatlarda bizimlə bir yerdə olsa da, amma həmişə biz ermənilərə “xəyanət” edib. Niyə uzağa gedək? Elə 44 günlük müharibə zamanı onlar bizə heç bir yardım-filan göstərmədilər.

... Ermənilərə görə, bu gün Belarusun Ermənistandan fərqli olaraq nə müstəqilliyi var, nə də ki, suverenliyi.

Bundan əlavə, bu gün Nikolun “böyük nəvazişlə” hörmətli adlandırdığı Lukaşenkonun Putinin yanında heç Ramzan Kadırov qədər də hörməti yoxdur.

Məhz buna görə də, Nikolun belə bir hörmətsizə “hörmətli” kimi müraciət etməsi əslində “böyük erməni xalqı” adına hörmətsizlikdir.

P.S. Bu arada Ermənistan Baş naziri Nikol Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenko ilə bağlı elə ermənilərə xas olan ikiüzlü davranışı gündəmə gəlib. Belə ki, "Aykakan Jamanak" nəşrinin redaktoru olduğu 2010-cu ildə Lukaşenkonun yenidən prezident seçilməsi ilə bağlı Nikolun məqaləsi sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, ötən gün Lukaşenkonu “təmtəraqlı sözlərlə” təbrik edən Paşinyan, 2010-cu ildə onu “minlərlə insanın ölümünə” bais biri kimi təqdim edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...