Avstraliya Ukraynaya hərbi yardım paketi ayıracaq

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə işgüzar səfərdə olan Avstraliyanın baş naziri Entoni Albaneze ilə görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Volodimir Zelenski görüşdən sonra Avstraliya hökumətinin başçısının iki dövlət arasında münasibətlər tarixində Kiyevə ilk səfəri olduğunu açıqlayıb.

Entoni Albaneze birgə brifinqdə qeyd edib ki, Avstraliya Ukraynaya əlavə 100 milyon dollarlıq hərbi yardım paketi ayırdığını elan edəcək.

O bildirib ki, Avstraliya Ukraynaya daha 14 zirehli transportyor, eləcə də 20 “Buşmaster” verəcək. Beləliklə, “Buşmaster”lərin ümumi sayı 60-a çatacaq.

Avstraliya, həmçinin Ukraynaya lazım olan əlavə hərbi texnika, pilotsuz təyyarələr və digər avadanlıqlar göndərəcək. Entoni Albaneze əlavə edib ki, ölkə Ukrayna sərhədçilərinə yardım göstərəcək.

Bundan əlavə, o, Avstraliyanın artıq Ukraynaya 390 milyon dollar yardım etdiyini deyib.

Xatırladaq ki, Avstraliyanın baş naziri Entoni Albaneze Buça, Qostomel və İrpinə də səfər edib, müharibənin vurduğu ziyanla tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...