ABŞ-da Ukraynanın sabahı “qaranlıq” görünür..?

...hadisələrin bu gedişi Moskvanın Avropa İttifaqı, NATO və ABŞ-ın Ukraynaya təsirini aradan qaldırmağa yönəlmiş geosiyasi maraqlarını təmin edəcək

...Rusiya prezidenti Vladimir Putin Ukraynanın əksər hissəsinə nəzarəti ələ keçirmək istəyir, ona görə də münaqişə zonasında vəziyyət Kiyev üçün “kifayət qədər qaranlıq” olaraq qalmaqdadır.

Qeyd edim ki, bunu bəyan edən ABŞ Milli Kəşfiyyatının rəhbəri Avril Heyns Rusiya tərəfinin yaxın gələcəkdə cəbhə xəttində uğur qazanacağını da istisna etmir.

Kəşfiyyat rəhbərinin sözlərinə görə, “...biz isə hələ də elə bir vəziyyətdəyik, yəni biz prezident Putinə (...burada məlul-məlul demək olardı, amma amerikalı xanım bunu özünə sığışdırmır...yəni... demir-A.B.) baxırıq və onun əslində bizim əvvəllər əldə etdiyimiz siyasi məqsədlərə malik olduğunu düşünürük. Reallıqda isə budur, Putin Ukraynanın böyük hissəsinə nəzarəti ələ keçirmək istəyir.

Qeyd edək ki, Avril Heyns Ukraynada vəziyyətin inkişafı üçün üç mümkün ssenarini açıqlayıb.

-Birincisi, Rusiya durmadan irəliləyir, lakin Putinin qarşıya qoyduğu vəzifələri yerinə yetirmir.
-İkinci ssenariyə görə, Rusiya Federasiyası Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini sürətlə yarır və cəbhə xəttini sabitləşdirir.

-Üçüncü mümkün ssenari isə sistematik hərbi uğurlar əldə edərkən Rusiya Silahlı Qüvvələrinin “böyük irəliləyişi” ilə bağlıdır.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl “The Hill” nəşrinə yazan “Macalester American College”in beynəlxalq əlaqələr üzrə professoru Endryu Latham Ukraynanın Rusiya ilə münaqişədə qələbəsini qeyri-mümkün hesab etməkdən əlavə, bu ölkənin keçmiş sərhədləri daxilində mövcud olmayacağının xəbərdarlığını etmişdi.

Donbass ərazisi və Azov dənizinin sahil xətti Rusiya, bu ölkənin təhlükəsizliyi üçün prioritet maraq kəsb etdiyini bildirən Latham Kiyevin sonradan bu ərazilərə nəzarəti ələ keçirə bilməyəcəyini də bəyan etmişdi.

Qeyd edilməlidir ki, Ukraynanı öz keçmiş sərhədləri daxilində görmədiyini yazan Latham bu ölkənin məğlubiyyəti və onun ardınca parçalanmasının qaçılmaz olduğunu da bildirmişdi.

Lathamın fikrincə, hadisələrin bu gedişi Moskvanın Avropa İttifaqı, NATO və ABŞ-ın Ukraynaya təsirini aradan qaldırmağa yönəlmiş geosiyasi maraqlarını təmin edəcək.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl regionun hərbi-mülki administrasiyasının baş şurasının üzvü Vladimir Roqov Zaporojye vilayətinin Ukrayna hərbçilərindən tam azad edildikdən sonra tamhüquqlu subyekt kimi Rusiyaya birləşməyə doğru irəliləyəcəyini bildirmişdi. O, əlavə edərək regionun respublikaya ayrılması variantını nəzərdən keçirmədiyini də bildirmişdi.

Bu arada Krımın rəhbəri Sergey Aksyonov yarımadanın Xerson və Zaporojye vilayətlərinin Rusiya reallığına inteqrasiyasına kömək etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, regionların bu gün də çoxillik əlaqələri var,.. “amma bizi tarix və obyektiv amillər ayırıb”.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bir müddət bundan əvvəl Polşanın hazırkı vəziyyətdə Ukraynanın qərb əraziləri ilə bağlı xüsusi planlarının olduğunu bildirmişdi. O, bunu Polşa prezidenti Anjey Dudanın Kiyevə səfəri, eləcə də onun yaxın gələcəkdə ölkələr arasında sərhədin mövcudluğunu dayandıracağı ilə bağlı verdikləri bəyanatlarla əsaslandırmağa çalışmışdı.

...Amma deyim ki, Ukrayna prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyasından deputat seçilən Vladimir Roqovun son əməlləri elə də ürəkaçan görünmür. Əslində bu so günlər əksər ukraynalı səlahiyyətlilərlə bağlı yaçanan birinci hal deyil və əgər Zelenskinin o biri “silahdaşları” da belədirsə, onda... vay...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə