“Kazbeqi” sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edib

İyunun 29-da Gürcüstandan Rusiyaya gedən Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunda avtomobillərin hərəkəti bərpa olunub. “Kazbeqi” gömrük-keçid məntəqəsində nəzarət prosedurlarının aparılması üçün bütün zəruri texniki avadanlıqlar və gömrük əməkdaşları da tam səfərbər olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Bildirilib ki, gömrük məntəqəsi vasitəsilə gün ərzində mindən çox nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür.

Qeyd edək ki, Gürcüstan ərazisində yağan güclü leysan yağışları nəticəsində iyunun 27-də Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil magistralının 136-cı kilometrliyində yolun xeyli hissəsi uçmuşdu. Teqri çayının məcrasından çıxması nəticəsində bölgədə fövqəladə vəziyyət yaranmışdı və Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolu bağlanmışdı. “Kazbeqi” gömrük-keçid məntəqəsində bütün gömrük nəzarəti prosedurları dayandırılmışdı.

Əlaqədar qurumlar sürətli təmir–bərpa işləri apararaq yolun istifadəyə verilməsinə nail olublar.

Hazırda beynəlxalq avtomobil yükdaşımalarının 24 saat ərzində maneəsiz hərəkətinin təmin olunması üçün fəal iş aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...