Yaponiyada 37 milyon şəxsə çağırış edilib

Yaponiya hökuməti paytaxt Tokio və ətraf rayonlarda yaşayanları ölkəyə təsir edən istilər zamanı elektrik enerjisindən daha az istifadə etməyə çağırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bu gün günortadan sonra enerji tələbatının "son dərəcə" artacağının gözləndiyini açıqlayıb. Nazirliyin açıqlamasında lüzumsuz işıqların söndürülməsi, lakin istiyə qarşı kondisionerlərdən istifadənin davam etdirilməsi tövsiyə olunub. Yaponiya rəsmiləri həftələrdir havanın temperaturu yüksəldiyi üçün elektrik enerjisi çatışmazlığının ola biləcəyi barədə xəbərdarlıq ediblər. Həftə sonu Tokioda havanın temperaturu 35 dərəcədən yuxarı qalxıb. Paytaxtın şimal-qərbində yerləşən İsaki şəhərində havanın temperaturu rekord həddə - 40,2 dərəcəyə çatıb.

Bu, Yaponiyada iyun ayında qeydə alınan ən yüksək temperaturdur. Yaponiyada yay başlayanda iyun ayında temperatur adətən 30 dərəcədən aşağı olur. İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin bazar günü verdiyi açıqlamada, Tokio və ətraf səkkiz şəhərin elektrik enerjisi istehsalının bu gün günortadan sonra 3,7 faizə düşəcəyi bildirilib. Xəbərdarlığın edildiyi ərazidə 37 milyon insan yaşayır.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə