Avstriyada rusiyalı oliqarxların sərvəti dondurulub

Avstriya Daxili İşlər Nazirliyi rusiyalı oliqarxlara məxsus 1,5 milyard avro dəyərində sərvətin dondurulduğunu elan edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Avstriyanın daxili işlər naziri Qerhard Karner məlumat verib. O, bu məsələ ilə bağlı müvafiq işçi qrupun yüksək peşəkarlıq və dəqiqliklə göstərdiyi fəaliyyəti təqdir edib. İşçi qrupun hesabatına əsasən, həmçinin daşınmaz əmlak reyestrlərində rusiyalı oliqarxlara məxsus dəyəri ikirəqəmli milyonlarla ölçülən mülklər üzərinə həbs qoyulub.

Avstriya Daxili İşlər Nazirliyinin məlumatına görə, Avropa İttifaqının qəbul etdiyi sanksiya paketləri nəticəsində bu ilin fevralından indiyədək Rusiyadan olan 1175 şəxsə və bu ölkəyə məxsus 101 təşkilata sanksiya tətbiq olunub, on milyard avro dəyərində sərvət müsadirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə