Türkiyənin vitse-prezidentinin Əlcəzair səfəri

Türkiyənin vitse-prezidenti Fuad Oqtay “2021-ci ilin sonuna qədər ölkəmizin şirkətlərinin xaricdəki kapitalı 46,5 milyard dollara çatıb” dedi. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Əlcəzairin Oran şəhərində bir Türkiyə şirkətinin Əlcəzair istehsal müəssisəsinə baş çəkən və səlahiyyətlilərdən məlumat alan F.Oqtay daha sonra türk işçilərlə görüşüb.

Türkiyənin Əlcəzair ilə əlaqələrinin təkcə iki ölkənin deyil, həm də regionun sülh, sabitlik və rifahı üçün əvəzsiz olduğunu vurğulayan Oqtay söhbəti zamanı deyib: "Sizinlə - bizi bütün dünyada təmsil edən əməkdaşlarımızla fəxr edirik. 2021-ci ilin sonuna ölkəmizin şirkətlərinin xaricdəki kapitalı 46,5 milyard dollara çatıb. Ümumilikdə Şimali Afrika ölkələrinin payı isə 4,1 faizdir. Bu gün Türkiyənin Əlcəzairdəki investisiyaları 5 milyard dollara çatıb və hələ də artmaqda davam edir”.

Türkiyənin vitse-prezidenti Oran şəhərindəki Olimpiya Stadionunda keçirilən 19-cu Aralıq dənizi Oyunlarının açılışında da iştirak edib. Açılışdan əvvəl isə təşkil edilən qala gecəsində Fuad Oqtay Əlcəzair dövlət başçısı Əbdülməcid Tebbun və Qətər əmiri Təmim ibn Hamed es-Sani ilə görüşüb. Yeməkdən sonra vitse-prezident oyunların keçirildiyi stadiona gedərək digər dövlət başçıları ilə birlikdə açılış mərasiminə baxıb.

Qeyd edək ki, Türkiyə 19-cu Aralıq dənizi Oyunlarında 24 fərqli sahədə 321 idmançı ilə təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə