Bosniya Herseqovinada təşkil edilən 512-ci Ayvaz Dədə Festivalının mərkəzi proqramına qatılan 280 atlı Donji Vakuf şəhərində coşğu və alqışlarla qarşılanıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Boşnakların İslamı qəbul etmələrinin ən mühüm simvollarından biri olan Akhisarlı Ayvaz Dədənin xatirəsinə təşkil edilən şənlikdə atlılar Donji Vakuf ənənəvi paradından keçiblər.

Yerli əhali ənənəvi geyimlərə, qırmızı fəsləri və yaşıl bayraqları ilə şəhərin mərkəzindən keçən atlılara, Türkiyə Milli Müdafiə Nazirliyinin Mehteran Hərbi Orkestrinə böyük maraq göstəriblər.

Travnik müftisi Əhməd Adiloviç ənənəvi Ayvaz Dədə Festivalı bayrağını Karaula mollası Salih Arslanoviçə təslim edib.

Ə.Adiloviç buradakı çıxışında Bosniya Herseqovina müsəlmanlarının Ayvaz Dədənin duaları ilə bu günü yaşadığını bildirərək deyib: “Biz illər öncə baş verənləri dəyərləndirir və ənənə kimi qoruyub saxlayırıq”.

Paradda Türkiyənin Bosniya Herseqovina üzrə səfiri Sadık Babür Girgin, Manisa Şahzadələr Bələdiyyə sədri Ömər Faruk Çelik və Türkiyədən çoxlu qonaq iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə