Türkiyə prezidenti ilə İsveçin baş naziri arasında telefon danışığı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsveçin Baş naziri Maqdalena Andersson arasında telefon danışığı olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb. Bildirilib ki, telefon danışığında İsveçin NATO-ya üzvlük məsələsi müzakirə olunub.

R.T. Ərdoğan danışıq zamanı İsveçin terrorla mücadilədə Türkiyə üçün əhəmiyyət kəsb edən məsələlərdə qətiyyətli addım atmasının gərək olduğu barədə fikirlərini təkrarlayıb.

İsveçin PKK/PYD/YPG terror təşkilatlarına qarşı təsirli mövqe sərgiləməsinin vacibliyini bildirən Türkiyə prezidenti bu nöqtədə İsveçin Türkiyənin narahatlığını aradan qaldıracaq bir addım atmadığını ifadə edib.

Silah embarqosunun, müdafiə sənayesi sektoruna qoyulan hüquqi və faktiki məhdudiyyətlərin aradan qaldırılmasını, habelə ekstradisiya və deportasiya tələblərinin yerinə yetirilməsini gözlədiklərini vurğulayan Rəcəb Tayyib Ərdoğan bütün bu məsələlərə aid konkret və qəti öhdəlikləri birlikdə görmək istədiklərini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə