Serbiya ehtiyat qazını Macarıstandakı anbarlarda saxlayacaq

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsinin ehtiyac duyduğu təbii qazın 38 faizinin Macarıstandakı yeraltı anbarlarda saxlanması ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, A.Vuçiç Rusiyanın “Gazprom” şirkəti ilə əldə olunan razılaşma çərçivəsində Serbiyanın təbii qaz tələbatının 62 faizinin təmin ediləcəyini deyib: “Qalan 38 faiz isə Macarıstandakı anbarlarda saxlanacaq. Qarşıdakı iki ay ərzində Macarıstandakı anbarlara 147 milyon kubmetr qaz vurulacaq. Serbiya sentyabrın 1-dək 400 milyon kubmetr qaz ehtiyatı saxlayacaq. Anbarlara ümumilikdə 700 milyon kubmetr qazın vurulması qarşıya məqsəd kimi qoyulub”.

Rusiya-Ukrayna gərginliyi fonunda qlobal miqyasda baş verən ərzaq böhranı ilə bağlı vəziyyəti şərh edən Serbiya Prezidenti bildirib ki, ölkəsinin kifayət qədər şəkər tozu, un və yağ ehtiyatı var.

Avropa İttifaqına üzvlük prosesində qətiyyətlə irəliləyən Serbiyanın dekabr ayına qədər bir çox şərti yerinə yetirməli olduğunu deyən A.Vuçiç ötən günlərdə Belçikanın paytaxtı Brüsseldə keçirilən sammitdə əsas müzakirə mövzusunun Balkan ölkələri olmadığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə