Özgə gözündə tük axtaranlar...

Rusların iddiasına görə, Britaniyanın Rusiya ilə əlaqəsi pisləşəndən sonra ölkə ən pis vəziyyətə hazırlaşır..?
Özgə gözündə tük axtaranlar...

...Sən demə, ingilisləri yedirib, içirdib adam içinə çıxaran elə ruslarmış ki... Siz, indi Londonun ruslarla dost olarkən ən bərk gedən marketlərinin boş piştaxtalarına baxın. Belə görünür ki, mütəxəssislər yalan danışmırlar. Budur ingilislər “The Telegraph”a Böyük Britaniyanın Rusiya ilə əlaqələri kəsdikdən sonra “açıdan günorta durduqlarını” etiraf ediblər. Əslində burada etiraf ediləsi bir şey də yoxdur. Dediyimiz, yox, rus saytlarının dediyi kimi, London marketlərinin boş piştaxtalarına baxmaq,.. hər şeyi deyir.

Təbii ki, rus saytlarına istinad edən SİA London marketlərinin boş piştaxtalarından elə də geri qlmayan Moskva marketləri barədə hər şeyi açıb ağartmaq niyyətində deyil, amma...

...İngilislərdən başlayaq. Məsələn, RSM qrupunun auditoru ingilis Tomas Pyu rahatlığın hələ ki, tezliklə gəlməyəcəyinə əmindır. Onun fikrincə, ərzaq qiymətlərinin artımı il boyu davam edərək, on faizə qalxacaq. Pyuya görə, may ayında Böyük Britaniyadan olan şirkətlər 2021-ci ilə nisbətən əsas mallar üçün 10,3 faiz çox pul ödəyiblər və idxal olunan ərzaqların dəyəri 14 il ərzində rekord həddə, 20,5 faiz artıb.

Bu arada ingilislərin Citi Bankı 2023-cü ilin ilk aylarında İngiltərədə ərzaq qiymətlərinin daha 20 faiz artacağını qeyd edib. Bu, qlobal tədarük çatışmazlığının kulminasiya nöqtəsinə çatması nəticəsində baş verəcək.

Maraqlıdır ki, bu gün ingilis baş nazir Consona, deyərdim ki, lap rusların da ürəyincə olan belə bir sual ünvanlanır: məgər İngiltərənin Ukraynaya ehtiyacı varmı?

İngilislərə görə, təbii ki, hamısı olmasa da, Consonun Ukrayna lideri ilə söhbətləri “baş nazirin böyük biabırçılığı anlarından dərhal sonra” baş verir. Həmçinin, Zelenski ilə hər söhbət Britaniya vergi ödəyicilərindən Kiyevə külli miqdarda pulun göndərilməsinə gətirib çıxarır”.

Deyim ki, bunu ruslar ingilis mediasına istinad edərək yazırlar.

Təbii ki, rus saytları Rusiyanın Ukraynaya hücumundan sonra minlərlə və bəlkə də onminlərlə rusiyalının ölkəni tərk edib qaçmasından, Rusiyanı gözləyən qeyri-müəyyənlikdən, əksər rusların müharibəni başlatmış dövlətlə assosiasiya olunmaq istəmədiklərindən, ölkədəki iqtisadi böhrandan bir kəlmə də olsun yazmırlar.

Əslində, rusların çəkib “ingilis marketlərinin boş piştaxtaları” kimi təqdim etdikləri görüntülər Rusiyanın təkcə mərkəzi Moskvada deyil, eləcə əyalət marketlərində də sayagəlməzdir.

Aasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə