Türkiyə və İsrail səfirlər səviyyəsində diplomatik münasibətləri bərpa edəcək
Türkiyə və İsrail səfirlər səviyyəsində diplomatik münasibətləri bərpa edəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İsrailin baş naziri Yair Lapid ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, artıq bu istiqamətdə işlər aparılır. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri onu da bildirib ki, yaxın vaxtlarda iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri nəzərdə tutulub.
Bundan əlavə, Çavuşoğlu qeyd edib ki, Türkiyə ilə İsrail arasında əməkdaşlığın uğurlu sahələrindən biri də təhlükəsizlik sektorudur. “Türkiyə və İsrail davamlı olaraq kəşfiyyat məlumatı mübadiləsi aparır. Bu məsələ prezidentlər səviyyəsində də müzakirə olunub. Təhlükəsizlik strukturları daimi əlaqədədir”.
Bunları Çavuşoğlu bildirib.
Türkiyədə İsrail vətəndaşlarına qarşı terror təhlükəsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Çavuşoğlu, Ankaranın Türkiyəyə səfər edən xarici vətəndaşlara qarşı hər hansı təhdidlərə icazə verməyəcəyinə diqqət çəkib.
O, Fələstin-İsrail münaqişəsindən danışarkən Ankaranın fikir ayrılıqlarının “iki xalq üçün iki dövlət” prinsipi əsasında həllinin tərəfdarı olduğunu vurğulayıb.
Öz növbəsində, Lapid “İran sui-qəsdini ifşa etdiyinə görə” Türkiyə xüsusi xidmət orqanlarına təşəkkür edib. "Ümid edirəm ki, israillilər tezliklə yenidən Türkiyəyə səfərə başlayacaqlar. Eyni zamanda, Türkiyə vətəndaşları da tezliklə İstanbuldan birbaşa uçuşlar vasitəsilə Qüdsü ziyarət edə biləcəklər".
Məlumdur ki, bu fikirləri də İsrailin xarici işlər naziri bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB