"Siyasətçiyə sual vermə, çünki yalan danışacaq"

Hər şey məlum oldu...

Sən demə, Kiyev Minsk razılaşmalarına əməl etmədiyi üçün Rusiya hakimiyyəti Ukraynada xüsusi əməliyyat keçirməyə məcbur olub. (Yoxsa, rus hara, başqasının ərazisinə tamah salmaq hara..).

Rusların, dəqiq desək rus saytlarının “eşib çıxartdığına” görə, guya bunu Yaponiya parlamentinin yuxarı palatasının deputatı Muneo Suzukiyə deyib.

“...Mən hesab edirəm ki, Putin xüsusi hərbi əməliyyat keçirməyə məcbur olub. Siz isə dövlətinizin maraqlarını qorumaq üçün bu barədə soyuqqanlı şəkildə düşünməlisiniz”-deyən yapon deputat münaqişə üçün hər iki tərəfin məsuliyyət daşıdığını da xatırladıb.

Bununla yanaşı, yaponiyalı deputat təəsüflə də olsa Moskva ilə Tokio arasında münasibətlərin hazırda sıfıra endiyini etiraf edib.

Parlamentarin sözlərinə görə, Yaponiya ilə Rusiya arasında bir neçə onilliklər ərzində yaradılmış etimad (?) münasibətlərini məhv etmək çox asandır.

Amma deyim ki, Suzuki burada bir balaca kədərlənir də, və “...ancaq bu heç vaxt edilməməlidir. Mən hazırkı vəziyyətə görə çox məyus və kədərləndim. Yaponiya hökuməti öz hərəkətləri ilə münasibətlərin temperaturunu sıfıra endirdi. Düşünürəm ki, bu, çox ciddi məsələdir”-deyə bildirir.

Suzuki belə hesab edir ki, indi Yaponiya hakimiyyəti Moskvaya münasibətdə Qərbin əsas axını yox, öz geosiyasi mövqelərini nəzərə alaraq Rusiya ilə münasibətlər qurmalıdır. Yaponiyalı deputat qeyd edib ki, Yaponiya Rusiyaya qarşı şəxsi və iqtisadi sanksiyalar tətbiq edib, lakin bu ölkənin enerji resurslarına malik olmadığını belə nəzərə almayıb.

Burada Suzuki Yaponiya enerjisinin təxminən 90 faizinin Yaxın Şərqdən, yəni Rusiyadan aldığını bildirir. Vladivostokda tikilən neft zavodunu xatırladır, Saxa Respublikasındakı qaz və neft hasil edən zavodu yada salır. Və orada hasil olanların Yaponiyaya çatdırmaq üçün yarım gün vaxt lazım olduğunu deyir, amma ... bu dəfə əlavə edir ki, biz bu coğrafi üstünlüklərdən istifadə edib aylar yox, çatdırmaya yarım günə nail ola bilərik.

Təbii ki, iki dövlət arasındakı bazarlıq öz yerində, amma Suzukinin burada rusları az qala “sülh göyərçini” kimi təqdim etməsi, deyim ki, adamda ikrah hissi oyadır.

Amma mən indi burada “sülh göyərçini”nin əməllərini sadalamaq niyyətində deyiləm, çünki əslində yapon Suzuki bununla bağlı məndən də çox məlumatlı olmalıdır. Məsələn elə iki ölkə arasında Kuril adalarıyla bağlı yaşanan ixtilafı desəm kifayətdir...

İndi müəllifinin kim olduğunu dəqiq xatıarlanıram,.. deyir siyasətçiyə sual vermə, çünki yalan danışacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə