Dağıstanda 55 nəfər naməlum maddədən zəhərlənib. SİA-nın “İzvestiya”nəşrinə istinadən verdiyi məlumata görə, son dörd gün ərzində respublikanın Buynakski rayonunun Kazanişçe kəndinin 55 sakini tibbi yardıma müraciət edib. Onlar kəskin bağırsaq infeksiyası əlamətləri ilə xəstəxanalara yerləşdiriliblər.
“REGNUM”un Respublika Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, xəstələr ürəkbulanma, qusma, ishal, qarın ağrısı və hərarətin 37 dərəcəyə qədər yüksəlməsindən şikayət ediblər. Onların hamısı Mərkəzi şəhər və Buynaksk rayon xəstəxanalarına yerləşdirilib.
Qeyd edək ki, zəhərlənənlər arasında 11 uşaq da var. “NSN” xəbər agentliyinin bildirdiyinə görə, xəstəxanaya yerləşdirilən zəhərlənmələr yüngül dərəcədə baş verir. “360” telekanalı isə insanların kütləvi şəkildə zəhərlənməsinin səbəblərinin müəyyən edildiyini qeyd edir.
Ehtimal olunur ki, zəhərlənməyə səbəb bayram tədbiri zamanı istehlak edilən qənnadı məmulatları ola bilər.
Rusiya İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə İstintaq Komitəsində istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi açılıb.
Agentliyin məlumatına görə, epidemioloji araşdırma aparılır, bakterioloji və virusoloji tədqiqatlar üçün material toplanıb. “Rospotrebnadzor”un Dağıstan üzrə departamentinin mütəxəssisləri infeksiyanın ötürülmə yollarını və amillərini öyrənirlər.
Yeri gəlmişkən qeyd edək ki, bir müddət bundan əvvəl Samaradakı yay düşərgəsindən birində dincələn şagirdlər arasında da zəhərlənmə baş vermişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə