Ramzana “at dünyası”nın “Centilmen devi”si hədiyyə edilib

Ramzana “at dünyası”nın  “Centilmen devi”si  hədiyyə edilib

Ötən gün Çeçenistanın rəhbəri Ramzan Kadırov aksentsiz-filansız ingilis dilində deyib ki, guya onun Almaniyadakı çoxsaylı fanatlarından biri minnətdarlıq əlaməti olaraq ona saf cinsdən olan bir at göndərib.

Doğrudur, Ramzan belə şeylərdə bir az təvazökardır, amma buna baxmayaraq, o, bu barədə öz “Telegram” kanalında məlumat yayaraq buradakı fanatlarını da sevndirib.

Beləliklə, respublika başçısı bildirib ki, Almaniya sakini Markus adlı bir alman ona Marşal adlı Şire cinsli bir at göndərib.

Əvvəla, üzrxahlıq edərək bilməyənlərə bildirim ki, Şire cinsli atlar Avropada “şah əlinə belə düşməyən” at cinslərindəndir. Onu da deyim ki, bu atlar “at dünyası”nın türk dilində desək “Centilmen devleri” olaraq tanınırlar. “Şah əlinə düşən şey” deyil,... deyəsən bunu demişdim axı...

...Amma mən tam əminəm ki, Markus bunu tapsa-tapsa Böyük Britaniyadan tapa bilərdi. Yəqin elə də eləyib. Nə isə, Ramzan üçün dəyər...

Deməli, Kadırov Markusun bu əməlini almanın “Rusiya və onun rifahını səmimiyyətlə dəstəkləyənlərə dərin hörmət və minnətdarlıq” əlaməti kimi qiymətləndirib. Nə gözəl...

Deyim ki, Kadırov burada hədiyyənin onu təəccübləndirməklə yanaşı sevindirdiyinin də etirafını edib. Hətta, deyilənə görə, bi balaca kövrəlib də...

Qeyd edək ki, Markus Ramzana atla birgə balaca bir məktub da göndərib. Məktubunda o Rusiyanın “ruh baxımından” ona doğulduğu ölkədən, yəni Almaniyadan “daha yaxın” olduğunu da etiraf edib. Rusiyada “xoş-xürrəm” yaşayanlara qibtə etdiyini gizlətməyən Markus “miskin Almaniyanı atıb” tezliklə Rusiyaya köçmək barədə düşündüyünü və bu istəyinin reallaşmasında Ramzandan kömək dilədiyini də etiraf edib.

Təbii ki, Kadırov da Markusa arzusunu ürəyində qoymayacağına “cigid” sözü verib: “Hörmətli Markus, qapılarımız sizin üzünüzə həmişə açıqdır!”. Ramzan deyib bunu...

Hə, yadımdaykən onu da deyim ki, bir müddət bundan əvvəl Çeçenistanın rəhbəri satanizmlə mübarizə mövzusunda üç dildə - rus, ingilis və çin dillərində çıxış edib. Özü də aksentsiz-filansız...

Siz hələ bir onun poliqlot olduğuna da inanmırdınız....

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə