“ABŞ-ın ayaqlarını sındırarıq...”

...əgər ABŞ-la hər hansı bir münaqişə yaşansa, bu zaman Amerikanın üç aviadaşıyıcı donanması, Quamdakı və Cənubi Koreyadakı Amerika bazaları məhv edilə bilər
“ABŞ-ın  ayaqlarını sındırarıq...”

Çinli jurnalist Sima Nan “Ukraina.ru” portalına verdiyi müsahibəsində Çinin Tayvan uğrunda döyüşdə “ABŞ-ın ayaqlarını sındıracağını” deyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Rambler” məlumat yayıb.

Beləliklə, onun sözlərinə görə, Pekin bu gün də Tayvan məsələsinə beynəlxalq müzakirə mövzusu deyil, daxili məsələ kimi baxır.

“Hazırda Tayvan problemini zorla və ya sülh yolu ilə həyata keçirilməsindən asılı olmayaraq...həll etmək Xalq Azadlıq Ordumuzun müqəddəs missiyasıdır”.

Sima əmindir ki, ABŞ Çinin modernləşdirilməsini dayandırmaq üçün yenə də “Tayvan boğazında nəsə etmək” niyyətindədir. Onun fikrincə, əgər hərbi əməliyyatlar başlasa, o zaman Çin tərəfi qalib gələcək, çünki “Xalq Azadlıq Ordusu 70 ildən artıqdır ki, Çin sahillərindən 150 kilometr aralıda müharibəyə hazırlaşır”.

Jurnalist onu da (əminliklə) qeyd edib ki, əgər ABŞ-la hər hansı bir münaqişə yaşansa, bu zaman Amerikanın üç aviadaşıyıcı donanması, Quamdakı və Cənubi Koreyadakı Amerika bazaları məhv edilə bilər.

Maraqlıdır ki, çinli jurnalist bəzi etiraflarında “ürəyiyananlıq” da edir. “Tayvan uğrunda döyüşlərdə gücünü təhlükə altına atıb barmaqları qopan, ayaqların sınan, yaralı və şikəst olmuş Amerikaya heç kimin qulaq asmayacağının “qeydinə qalır”.

Qeyd edək ki, bir müddət bundan əvvəl CNN analitikləri Tayvanı Çinin əlindən alma məsələsini zorla həll etmək cəhdinin qarşı tərəf üçün böyük faciəyə yol aça biləcəyi qənaətinə gəlmişdilər.

Təbii ki, burada qarşı tərəf kimi ABŞ nəzərdə tutulur.

Yeri gəlmişkən xatırladaq ki, Çinin cənub-şərq sahillərində yerləşən Tayvan, Çinin ən böyük adasıdır və əsrlər boyu Çinə məxsus olub. Amma 1895-ci ildə Yaponiya tərəfindən işğal olunub. 1945-ci ildə Yaponiyaya qarşı müharibədə son qələbəni qazanan Çin xalqı Tayvanı yenidən geri alıb.

Qeyd edək ki, Tayvan məsələsinin sonradan ortaya çıxması həm Çindəki vətəndaş müharibəsinin mirası, həm də ABŞ-ın hərbi müdaxiləsinin nəticəsidir.

Doğrudur, Çindəki vətəndaş müharibəsi nəticəsində Çin Respublikasının Çin Xalq Respublikası adını almasından sonra ABŞ administrasiyası 1950-ci ilin yanvar bəyannaməsində Çinin Tayvan adası üzərində suverenliyini tanıdı.

Amma 1950-ci ilin iyununda Koreya Müharibəsi başlayandan sonra ABŞ prezidenti Truman bəyanat verərək ABŞ-ın “Tayvana hər hansı hücumun” qarşısını alacağını bəyan etdi və o, ABŞ-ın 7-ci Donanmasına Tayvan boğazına yeritdi.

Sonradan, dəqiq desək, 1954-cü ilin dekabrında Amerika Birləşmiş Ştatları Tayvan hakimiyyəti ilə qondarma “qarşılıqlı müdafiə müqaviləsi” də bağladı və Çinin Tayvan əyaləti ABŞ-ın “mühafizəsi” altına keçdi.

Əslində, bütün bunlar ABŞ tərəfindən “qaşınmayan yerdən qan çıxarma”, loru dildə desək, lap “adama sataşma”dan başqa bir şey deyildi ki, məhz indi də “müxtəlif variantlarla” hələ də davam etməkdədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə