TRT Balkan rәqәmsal yayım platforması yayıma başladı

TRT Balkan rәqәmsal yayım platforması yayıma başladı

Türkiyə Radio və Televiziya Qurumunun (TRT) yeni rəqəmsal xəbər platforması TRT Balkan bölgə xalqını və bölgəni narahat edən məsələləri qlobal miqyasda işıqlandırmaq məqsədi ilə yayıma başlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyәnin paytaxtı Ankarada keçirilən TRT Balkan-ın təqdimat toplantısında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop, Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri Fәxrәddin Altun vә TRT-nin baş direktoru Mehmet Zahid Sobacı çıxış ediblәr.

Türkiyə Böyük Millət Məclisinin sədri Şentop yeddi Balkan ölkәsindә yayımlanacaq TRT Balkan yayım platformasının xeyirli olmasını arzulayıb.

Mustafa Şentop Türkiyə və Balkan ölkәlәrinin ortaq mirasını media və təhsillə gələcək nәsillәrә çatdırmağın vacibliyinә toxunub.

“Ümid edirəm ki, təhsil müəssisələrimiz və TRT Balkan sayəsində Balkan ölkәlәrindәki türk və müsəlman qardaşlarımızla bütün əlaqələrimizi daha da möhkəmləndirəcəyik”,-deyә Türkiyә Böyük Millәt Mәclisinin sәdri qeyd edib.

Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri Fәxrәddin Altun isә öz növbәsindә deyib: “İnanıram ki, TRT Balkan da cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmizin beynəlxalq aləmdə ədalət mübarizəsində mühüm rol oynayacaq və Balkan coğrafiyasında bu ədalət mübarizəsinin daşıyıcı elementlərindən biri olacaq. TRT Balkanın beynəlxalq arenada Balkan coğrafiyasının güclü səsi olacağına inanıram”.

Fәxrәddin Altun bildirib ki, TRT Balkan bölgə həqiqətlərini kənar güclərin deyil, regional aktyorların gözü və ağzı ilə bütün dünyaya çatdıracaq.

Tәdbirdә çıxış edәn Türkiyә Radio vә Televiziya Qurumunun baş direktoru Mehmet Zahid Sobacı TRT Balkanı TRT-nin beynәlxalq yayım ailәsinә әlavә etdiklәri üçün mәmnun olduqlarını ifadә edib.

"Balkanlarda media rəqabəti kifayət qədər mürəkkəbdir. Üstəlik, qara təbliğat fəaliyyətlərinin açıq şəkildə hiss olunduğu və qanlı terror təşkilatı FETÖ kimi strukturların təsir dairəsi yaratmağa çalışdığı bir zəmin var. Qurduğumuz çoxdilli rәqәmsal platforma ilә müәyyәn media orqanlarının bölgәdә yaydığı qәrәzli xәbәrlәrә öz etirazımızı bildiririk’’,-deyә Mehmet Zahid Sobacı qeyd edib.

Bölgə xalqını və bölgəni narahat edən məsələləri qlobal miqyasda işıqlandırmaq məqsədi ilə yayıma başlayan yeni rəqəmsal xəbər platforması TRT Balkan makedoniya, alban, bosniya, xorvat və serb dillərində yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə