Rusiya Federasiyasının genişmiqyaslı işğalı səbəbindən Ukrayna taxıl məhsulunun yarısını itirə bilər.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu qənaətə Amerikanın “Maxar” şirkəti peyk görüntülərini təhlil edərək gəlib.
Beləliklə, “Maxar” hesab edir ki, ukraynalı fermerlər bu il keçən illə müqayisədə 30 faiz az sahədə əkin işləri aparıblar və bunun nəticəsində qarğıdalı məhsulu keçən illə müqayisədə 54 faiz, günəbaxan məhsulu isə 40 faiz az ola bilər.
Təbii ki, “Maxar” bu ilki məhsul qıtlığını bir çox amillərlə əlaqələndirir. Bunlardan ən önmlisi əksər fermerlərin vətənini müdafiə etmək üçün döyüşlərə qatılmasıdır. Bundan əlavə ölkədəki toxum qıtlığı da məhsuldarlığa mane olub.
Xatırladaq ki, Ukrayna Avropa İttifaqından taxılın saxlanmasında köməklik göstərməsini xahiş edib. Hazırkı aşağı ixrac dərəcələrində Ukrayna 10-15 milyon ton səviyyəsində məhsul üçün anbar çatışmazlığı ilə də üzləşə bilər.
Qeyd edək ki, Ukrayna mənbələrindən verilən məlumata görə, Rusiya Federasiyası, Türkiyə, Ukrayna və BMT ölkə limanlarından kənd təsərrüfatı məhsullarının ixracı üçün təhlükəsiz dəhlizin fəaliyyətini təmin edəcək yol xəritəsi hazırlayıb.
Eyni zamanda, Türkiyə nümayəndələri neçə müddətdir ki, Ukraynadan taxılın dünya bazarlarına təhlükəsiz çatdırılmasını təmin edəcək xüsusi mexanizm formalaşdırmaq üçün diplomatik təmaslar aparırlar.
Bu arada Ukrayna taxıl ixracı üçün Polşa və Rumıniya üzərindən də iki marşrut yaratdığı bildirilib.
Qeyd edək ki, bu barədə məlumatı Ukrayna xarici işlər nazirinin müavini Dmitri Senik bildirib. Onun sözlərinə görə, Ukrayna Baltikyanı ölkələrlə ərzaq ixracı üçün üçüncü dəhlizin yaradılması ilə bağlı da danışıqlar aparır.
Bu istiqamətdə yeni marşrut açmaq üçün çalışdıqlarını bildirən Senik, hazırda Ukrayna ərazisində ixrac üçün 30 milyon tona qədər taxıl saxlanıldığını da etiraf edib.
...Və bu arada Rusiya Federasiyası Krasnoyarsk diyarının hakimiyyət orqanları Xerson vilayətinin ruslar tərəfindən işğal olunmuş ərazisindən taxılın oğurlanmasına icazə verdiyi məlum olub.
Maraqlıdır ki, Rusiya səlahiyyətlilərinin bu qərarını Ukrayna tərəfi dövlət səviyyəsində həyata keçirilməsinə icazə verilən qarət hadisəsi kimi dəyərləndirir.
Bu eyni zamanda, Rusiyanın Ukrayna ərazilərinə işğalçı kimi daxil olduğunu sübut edən faktlardan biridir: “...Onlar qismən işğal etdikləri ərazilərdən işğalçı sifəti ilə qənimətlər əldə etməyə başlayıblar”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB