Kiyevin “tərəfdar və əleyhdarları”?..

Ukraynanın Avropa İttifaqına daxil olmasına ehtimal edilən 4 əleyhdarının adı çəkilib
Kiyevin “tərəfdar və əleyhdarları”?..

“...Məncə, Ukraynanın Avropa İttifaqına dərhal tam üzv olması qeyri-realdır”. Bunu bir müddət bundan əvvəl Avstriya kansleri Karl Nehammer bəyan etmişdi.

Elə həmən ərəfədə Fransanın Avropa məsələləri üzrə dövlət naziri Klement Beaune də Ukraynanın Avropa İttifaqına üzv olmasının 15-20 il çəkə biləcəyini bildirmişdi.

...Amma İtaliyanın baş naziri Mario Draqi isə Ukraynanın Avropa İttifaqına üzv olmasını dəstəklədiyini demişdi.

Qeyd edək ki, Kiyev hələ də yaxın vaxtlarda Avropa İttifaqına üzv olacağına ümid və israrlıdır. Amma qeyd edilməlidir ki, burada qərarı Kiyev yox, ittifaqa üzv ölkələr verirlər. Burada isə bu məsələ ilə bağlı mövqelər müxtəlifdir.

Məsələn, Ukraynanın Avropa İttifaqına daxil olmasının zəruriliyinə şübhə edən İsveç, Hollandiya, Portuqaliya və Macarıstan Kiyevin bu istəyinə qarşı çıxa bilərlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu Çexiyanın “Aktualne” qəzetinin köşə yazarı Katerjina Səfərjikovanın qənaətidir.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski fevralın 28-də Ukraynanın Avropa İttifaqına daxil olması üçün ərizə imzalayıb və Brüsseli bu prosesi sürətləndirilmiş prosedur altında başlamağa çağırıb.

Qeyd edək ki, Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş üzvlüyü səkkiz üzv ölkə - Latviya, Litva, Polşa, Bolqarıstan, Çexiya, Estoniya, Slovakiya və Sloveniya tərəfindən dəstəklənib.

Beləliklə, iyunun 17-də Avropa Komissiyası Ukraynaya Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi ilə bağlı tövsiyələr hazırlamalıdır.

Katerina Səfərjikovanın sözlərinə görə, Avropa Komissiyası çox güman ki, buna müsbət qərar verəcək. Amma bu, Avropa İttifaqına üzv dövlətlər tərəfindən yekdilliklə təsdiqlənməlidir. Buna isə müəyyən şübhələr var.

Məsələn, Portuqaliyanın Baş naziri Antonio Costa "acı xəyal qırıqlığına səbəb olacaq yanlış gözləntilərin formalaşmasında bir risk" gördüyünü söyləyib. Maraqlıdır ki, o, Avropa İttifaqını diqqətini ukraynalılara “burada və indi” necə kömək etmək məsələsinə yönəltməyə çağırıb.

Öz növbəsində, Avropa İttifaqının büdcəsinə əsas töhfə verənlərdən biri olan Hollandiya və İsveç də Ukraynanın 40 milyondan artıq yoxsul vətəndaş və bərbad iqtisadiyyatını “zənginləşdirmək” niyyətində olmadıqlarını bildiriblər.

...Bir neçə həftə Avropanın Rusiya neftinə qarşı embarqosunu əngəlləyən, nəhayət, Rusiya Patriarxı Kirillin maraqları naminə güzəşt tələb edən Macarıstanın baş naziri Viktor Orbanın sammitdə sürpriz təqdim edəcəyini istisna etmək olmaz.

Bütün bunlarla yanaşı, Fransa və Almaniyanın da Ukraynaya Avropa İttifaqına üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı mövqeyi də qeyri-müəyyən olaraq qalmaqdadır.

Qeyd edək ki, bu da Şəfərjikovanın gəldiyi ehtimaldır.

Yeri gəlmişkən bir müddət bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Ukraynanın Avropa İttifaqına daxil olması üçün “illər, hətta onilliklər” lazım olduğunu qeyd edərək, Kiyevə onun Avropa ölkələri ilə münasibətlərini gücləndirəcək hansısa müvəqqəti statusun verilməsini təklif etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə