Əli Xamneyi Türkmənistanla əlaqələri inkişaf etdirməyə çağırıb

Əli Xamneyi Türkmənistanla əlaqələri inkişaf etdirməyə çağırıb

Ötən gün Tehranda İranın ali dini lideri Ayətullah Əli Xamenei ilə Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov arasında görüş keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, danışıqlar zamanı Əli Xamenei qeyd edib ki, Tehran və Aşqabad arasında münasibətlərin dərinləşməsi və inkişafı hər iki tərəfə fayda gətirir.

İranın Ali Məqamlı Rəhbəri İran və Türkmənistanın dostluq əlaqələrinin regional və beynəlxalq müxaliflərə malik olmasına baxmayaraq, maneələrin aşılması lazım olduğuna diqqət çəkib. Əli Xamenei artıq əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün birgə əməkdaşlıq komissiyasının fəal olmasının vacibliyini vurğulayıb.

Öz növbəsində Serdar Berdiməhəmmədov da ölkəsi üçün prioritetin qonşularla əlaqələrin inkişaf etdirilməsi olduğunu bəyan edib. "Biz bu gün imzalanan əməkdaşlıq sənədləri əsasında iki ölkə arasında qaz, elektrik enerjisi və nəqliyyat sahələrində yaxşı münasibətləri gücləndirməyi planlaşdırırıq", - IRNA agentliyi Türkmənistan liderinin sözlərindən sitat gətirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə