“Rusiyanı Çinlə daimi müttəfiqliyə sövq etmək olmaz”

ABŞ-ın keçmiş dövlət katibi və milli təhlükəsizlik müşaviri Henri Kissincer Davosda dediklərinə aydınlıq gətirib
“Rusiyanı Çinlə daimi müttəfiqliyə sövq etmək olmaz”

Gərək ki, yadımızda olar Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ-ın keçmiş dövlət katibi və milli təhlükəsizlik müşaviri Henri Kissincerin Ukraynanın Rusiya ilə sülh naminə ərazi güzəştlərinə getməli olduğu barədə sözləri yayılmışdı.

O da yadınızda olar ki, həmən ərəfədə Ukrayna prezidenti Zeleniski də daxil olmaqla, elə Qərb də “Ukraynaya sülh üçün bəzi əraziləri ruslara verməyi təklif edən” Kissinceri kəskin tənqid etmişdilər.

Xüsusilə, ABŞ-dakı Xarici Əlaqələr Şurasının prezidenti Riçard Haas Kissincerin təklifinin nə Ukrayna, nə də Rusiya üçün sərfəli olmadığını bildirmişdi.

Budur, bu günlərdə əvvəlki dediklərinə aydınlıq gətirən Kissincer bəyan edib ki, onun dedikləri fevralın 24-də, Rusiya qoşunlarının hələ Ukraynaya daxil olmadığı vaxtda vəziyyətə qayıtmağı nəzərdə tutur. O hesab edir ki, yalnız Ukraynada münaqişənin sülh yolu ilə həllindən sonra Krım məsələsi gündəmə gələ bilər.

Keçmiş müşavirə görə, onun hələ o vaxt, Davosda keçirilən Dünya İqtisadi Forumunda dediklərini “...bəzi jurnalistlər azaldıb və sadələşdiriblər".

O, həmçinin Qərb ölkələrini “Ukraynada Rusiya qüvvələrinə sarsıdıcı məğlubiyyət” vermək cəhdlərini dayandırmağa çağırıb. Kissincer bildirib ki, Rusiya artıq strateji baxımdan məğlub olub. Onun apardığı müharibə Avropada qüvvələr balansının keyfiyyət dəyişikliyinə məruz qaldığını nümayiş etdirdi. Hər kəsin gözlədiyinin əksinə olaraq, Rusiya adi silahlı qüvvələri ilə daha zəif qonşusunu məğlub edə bilmədi. Regionda qüvvələr nisbəti kardinal şəkildə dəyişdi.

Lakin bütün bunlara baxmayaraq, Rusiyanın da Avropanın ayrılmaz hissəsi olduğunu bildirən Kissincer, bu ölkəni Çinlə daimi müttəfiq olmağa sövq etməməyə çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə