“Ölüm hökmünün Avropada yeri yoxdur...”

Avropa Şurasının baş katibi “Donetsk Xalq Respublikasında” əcnəbi muzdlulara verilən ölüm hökmlərini pisləyib
“Ölüm hökmünün Avropada yeri yoxdur...”

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç “Donetsk Xalq Respublikasında” Kiyevin tərəfində vuruşan üç əcnəbi muzdluya qarşı edam hökmünü pisləyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun bəyanatını cümə axşamı təşkilatın mətbuat xidməti yayıb.

“...Mən bu gün çıxarılan ölüm hökmlərini qətiyyətlə pisləyirəm"-deyən Peyçinoviç-Buriç ölüm hökmünün Avropa qitəsində yeri olmadığını deyib. Onun fikrincə, çünki ölüm hökmü insan ləyaqəti ilə bir araya sığmır və insan ləyaqətini alçaldan rəftar kimi qəbul edilir.

“Avropa Şurası adından mən bugünkü qərarın bir araya sığmayan ümumavropa insan hüquqları prinsiplərinə hörmət etməyə çağırıram", - deyə Avropa Şurasının baş katibi bildirib.

Qeyd edək ki, Donetsk məhkəməsi cümə axşamı Britaniya vətəndaşları olan Şon Pinner və Aiden Aslini, eləcə də mərakeşli Saadun Brahimi muzdlu kimi Ukrayna silahlı birləşmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etməkdə ittiham edərək onları edam cəzasına məhkum edib. Belə ki, “respublika” Baş Prokurorluğu Pinner, Aslin və Brahim tərəfindən alınan ifadələrə istinad edərək onları “Donetsk Xalq Respublikasının” Cinayət Məcəlləsinin 34 ("Bir qrup şəxs tərəfindən cinayət törətmək"), 323 (3 "Hakimiyyəti zorla ələ keçirmə və ya hakimiyyəti zorla saxlama" ) və 430- cu ("Muzdlu") maddələri ilə təqsirkar bilərək onlar haqda ölüm hökmü çıxarıb.

Onu da bildirək ki, hökm elan edildikdən sonra məhkəmə kollegiyasının sədri bildirib ki, məhkumların əfv hüququ var. Onlar da bir ay ərzində hökmdən apellyasiya şikayəti verə bilərlər.

Bu arada təqsirləndirilən şəxslərin vəkillərindən Pavel Kosovanın rus saytlarına verdiyi məlumata görə, Böyük Britaniya və Mərakeşdən olan muzdlular hökmdən “Donetsk Xalq Respublikası”nın Ali Məhkəməsinə şikayət verəcəklər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə