"Rusiya taxıl böhranının həlli ilə deyil, şantajla məşğuldur"

...amma Putin Ukrayna limanlarından daşınan taxılın qarşısını alması ilə bağlı iddiaları “blef” adlandırır
"Rusiya taxıl böhranının həlli ilə deyil, şantajla məşğuldur"

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın qlobal ərzaq böhranının həllinə yardımla deyil, “şantajla” “kömək etməyə” çalışdığını bildirib.

SİA bu barədə “TASS”a istinad edir.

Beləliklə, verilən məlumata görə, bu günlərdə ərzaq təhlükəsizliyi ilə bağlı keçirilən tədbirdə çıxış edən Dövlət Departamentinin rəhbəri Rusiya prezidenti Vladimir Putinin ərzaq tədarükünə icazə vermədiyini, dünyanın onun tələbləri ilə razılaşmasını və sanksiyaları aradan qaldırmasını təmin rtmək üçün “min variant fikirləşdiyini” bildirib.

Blinkenin sözlərinə görə, Ukrayna Rusiyanın dəniz blokadası səbəbindən təyinat məntəqələrinə taxıl daşıya bilmir.

Onun sözlərinə görə, təxminən 20 milyon ton buğda Odessa yaxınlığındakı anbarlarda və bu blokadaya görə Odessa limanında ilişib qalmış gəmilərdə qalıb.

Xatırladaq ki, hələ ötən may ayında Avropa Komissiyasının sədri Ursula fon der Leyen Moskvanı nüfuz qazanmaq üçün aclıq və taxıldan istifadə etməkdə ittiham etmişdi.

Qeyd edək ki, bir müddət bundan əvvəl Vladimir Putin Kiyev öz limanlarını minalardan təmizləyərsə, Moskva Ukrayna taxılını daşıyan gəmilərin maneəsiz keçidinə zəmanət verəcəyini, Berdyansk və Mariupol kimi Rusiyanın nəzarətində olan limanlar vasitəsilə malların ixracını təmin edəcəyini bildirmişdi.

Purinin fikrincə, Ukrayna quru yolu ilə də taxıl ixrac edə bilər və bunun üçün rusiyalı lider məntiqli marşrut da təklif etmişdi- Belarus ərazisindən Avropaya, yəni öz dili ilə desək... “çerez Belarus”. Amma, bu halda Qərbin Belarusa qarşı tətbiq etdiyi sanksiyalar gərək ki, aradan götürülməlidir. Təbii ki, Putinin bunu bilməməsinə başqaları kimi, mən də inanmıram.

Buna baxmayaraq, qlobal ərzaq bazarında problemlərin hələ 2020-ci ilin fevralında başladığını deyən Putin Ukrayna limanlarından daşınan taxılın qarşısını alması ilə bağlı iddiaları “blef” adlandırıb.

...Və əgər bu, doğrudan da, Vladimir Vladimiroviç demişkən “blef”dirsə, bəs, onda...

...Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, Ukrayna taxılının dənizdən idxalının bərpasına Ukraynanın Odessa vilayəti sahillərində yerləşdirdiyi minalar və Rusiya isə ona qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması üçün etdiyi "manevrlər" mane olur.

Yəni, Ukrayna Rusiyanın hərbi gəmilərinin Odessa limanlarına üz tutmasını istəmədiyi kimi, Rusiya da bu dəhlizlə yük daşıyacaq gəmilərin Ukraynaya silah çatdırmasını düşünüb heç bir girış-çıxışa icazə vermir.

P.S: Bu arada Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel sosial mediada mövzu ilə bağlı verdiyi açıqlamada Aİ-nin Rusiyaya qarşı sanksiyalarının bu ölkənin döyüş qabiliyyətini zəiflətmək məqsədi daşıdığını və kənd təsərrüfatı məhsullarını ehtiva etmədiyini vurğulayıb.

Borrel “Rusiyanın Ukrayna limanlarına qarşı davam edən blokadası qarğıdalı və buğda kimi tonlarla taxılın dünyanın əsas istehsalçılarından biri olan Ukraynada qalmasına səbəb olur və onların ixracına mane olur. Rusiya beynəlxalq taxıl ticarətindəki qıtlığın birbaşa məsuliyyətlisidir”- ifadəsini işlədib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə