ABŞ-da aparılmış yeni araşdırmanın nəticələri göstərir ki, son on ildə mağazalarda və apteklərdə reseptsiz əldə edilən yuxu dərmanı “melatonin”dən təsadüfən zəhərlənən uşaqların sayı 53 faiz artıb.
Tədqiqatçılar əksər uşaqlar üçün artıq dozanın həddən çox yuxuya səbəb olmasını, bəziləri üçün isə xəstəxanaya yerləşdirilmə və hətta ölümlə nəticələndiyini söyləyiblər.
Miçiqan Uşaq Xəstəxanasının Pediatriya şöbəsindən aparıcı tədqiqatçı doktor Kərimə Lelak deyib ki, melatoninin həddindən artıq dozasının ən çox qeydə alınan simptomu uşaqların yuxulu olması və ümumiyyətlə qalxa bilməməsidır.
Lelak hesab edir ki, təsadüfi zəhərlənmələrdə bu dramatik artımın səbəbi ABŞ-da yuxunu çətinləşdirən artan stres səviyyəsidir. Son iki ildə pandemiya ilə əlaqədar ailələrdə stresin artması buna səbəb ola bilər. Yuxusuzluqla mübarizə metodu olaraq, valideynlərin böyük qismi melotanin dərmanlarını çox sayda alıb evdə saxlayır. Bu isə azyaşlı uşaqların dərmanları asanlıqla əldə etməsinə şərait yaradır.
Tədqiqat üçün Lelak və onun həmkarları 2012-ci ildən 2021-ci ilə qədər Amerika Zəhərlərə Nəzarət Mərkəzləri Assosiasiyasının Milli Zəhər Məlumat Sisteminə toplanmış 260 000 melatonindən zəhərlənmə hadisəsi haqqında məlumatı istifadə edib. 2012-ci ildə 8340 zəhərlənmə hadisəsi qeydə alınıbsa, 2021-ci ildə bu rəqəm 53 minə yüksəlib. Ən böyük artım (38 faiz) 2019-cu ildən 2020-ci ilə qədər, pandemiyanın kritik dövründə müşahidə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB