Rusiya Qərbə qarşı iqtisadi müharibədə qalib gəlir və təzyiqlərə boyun əymir, ona qarşı sanksiyalar isə əks effekt verməkdədir.
SİA xəbər verir ki, bu fikri maliyyə jurnalisti kimi təqdim edilən ingilis Larri Elliot “The Guardian”a yazdığı məqaləsində qeyd edib.
Beləliklə, rusların “rambler” saytı ingilis jurnalistin dediklərinə istinadən yazır ki, guya Rusiya Federasiyasına qarşı tətbiq edilən məhdudiyyətlər Avropa ölkələrində neft və qazın qiymətini qaldırıb və bununla da Rusiyanın enerji ixracından əldə etdiyi gəliri artırıb.
"Maliyyəçi jurnalist" dediklərini əsaslandırmaq üçün əlavə faktlar da gətirir. Məsələn o yazır ki, 2022-ci ilin birinci rübündə rusların gəliri, 2021-ci ilin eyni dövrü ilə müqayisədə üç dəfədən də çox artıb. Eyni zamanda, Rusiya neftinə qoyulan embarqoya baxmayaraq, Moskva satış bazarları tapmaqda elə də çətinlik çəkməyib. Belə ki, təkcə aprel ayında enerji ixracını 50 faizdən də çox artırdığı Çini göstərir. Bu ölkəni ruslara "sadiq alıcı" kimi təqdim etməyə də "ərinmir".
Elliot həmçinin qeyd edir ki, bu gün öz "müvazinətini" saxlayan rus rublu güclü olaraq qalmaqdadır və alternativ təchizatçılar ölkəni Rusiyaya idxalı qadağan edilən ehtiyat hissələri və komponentlərlə təmin edə biləcəklər.
Məqalə müəllifi eyni zamanda, inkişaf etmiş ölkələrin iqtisadi tənəzzül və inflyasiyanın yüksəlməsi, işsizlərin sayının artması dövrünə qədəm qoyduğuna da diqqət çəkir. Bununla yanaşı, inkişaf etməkdə olan ölkələr üçün mövcud vəziyyət aclıq və borc böhranı ilə təhdid edir.
Maraqlıdır ki, Kremlə qarşı tətbiq edilən sanksiya siyasətinin səmərəsizliyinin daha bir sübutu kimi, ingilis jurnalist ABŞ-ın Ukraynanı reaktiv raket sistemləri ilə təchiz etmək qərarında görür.
Onun fikrincə, bu gün Qərbdə müasir texnologiyaların döyüş meydanında qalib gəlməyə kömək edəcəyinə ümid edirlər,.. amma, sən demə, onlar yanılırlar. Çünki hadisələrin belə, yəni onların düşündüyü kimi sonunclanacağı çətin görünür.
…Hə, indi durub, bunların hansına inanasan?
O gün rusiyalı jurnalist Aleksandr Nevzorov yazıb ki, hadisələrin bu cür gedişatı sonda elə də yaxşı heç nə vəd etmir. Yəni “…prezident Vladimir Putinin hiylələri Moskvanın bombalanması ilə başa çatacaq”.
…İngilis Larri Elliot isə Ukraynanın uduzub, Rusiyanın qalib gəldiyindən yazır,..amma rus Nevzorov Ukraynanın tamamilə sərt və inamlı şəkildə Rusiyaya qalib gəldiyini deyir.
Rus yazır ki, Ukraynada döyüşən ruslar üçün çox çətin olacaq. Amma ingilis deyir ki, Rusiya varlanır deyə, “heç bir qorxusu yoxdur”.
…Hə, yadımdaykən… o gün Rusiya hərbçiləri ukraynalıların sahibsiz qalan evlərindən oğurladıqları əşyalardan ibarət 130 irihəcimli bağlamaları kasıbçılığın ən yüksək həddə olduğu Rusiya bölgələrindən birinə göndərmək istəyiblər. Deyəsən, elə göndəriblər də...
…İndi mən ingilis jurnalistdən soruşmaq istəyirəm, ötən ilin eyni dovrü ilə müqayisədə bu il üç dəfədən də çox gəlirləri artan bir millətin nümayəndələri belə bir hərəkət, yəni oğurluq edərmi?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB