Türkiyə gizli gündəmi rədd edir...

...İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı
Türkiyə gizli gündəmi rədd edir...

Türkiyə hakimiyyətinin İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı heç bir gizli gündəmi yoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Türkiyə terroru dəstəkləyənlərlə, indiki halda İsveç və Finlandiya ilə müttəfiq ola bilməz. TASS-ın “CNN Türk”-ə istinadən verdiyi xəbərə görə, Çavuşoğlu “...gizli gündəmimiz yoxdur, lakin onların narahatlığımızı anlamaları kifayət deyil, narahatlığımız aradan qaldırılmalıdır”-deyə bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin vurğulayıb ki, İsveç Türkiyəyə müdafiə sənayesi məhsullarının tədarükü ilə bağlı məhdudiyyətləri aradan qaldırmalıdır.

“Müdafiə sahəsində sanksiyalar düşmənlərə qarşı tətbiq edilir. Siz Avropanın təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə vermiş ölkəyə məhdudiyyətlər qoyursunuz”, - nazir izah edib.

Bir daha xatırladaq ki, İsveç və Finlandiya mayın 18-də Şimali Atlantika alyansına daxil olmaq üçün ərizəni NATO-ya verib. Daha əvvəl bildirilib ki, Türkiyə bu müraciətlərə baxılması prosesinin başlanmasına mane olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İsveç və Finlandiyanın terror təşkilatlarına, xüsusən də Kürdüstan Fəhlə Partiyasına (PKK) münasibətini müəyyən etməyincə, onların NATO-ya qəbulunu dəstəkləməyəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə