Bu, bir siyasətdir, özü də əsil erməni siyasəti...

Bu, bir siyasətdir, özü də əsil erməni siyasəti...

“...Bu, vətən sevgisi ilə kürsü sevgisinin mübarizəsidir. Nikol kreslosunu sevir, amma “döyüşə çıxan” bizlər isə vətənimizi sevirik”. Nə gözəl deyim, lakonikliyi bir yana, həm də, mənə görə, əsil “erməni sevgisini” özündə əks etdirir.

...Daha, o parlamentin müxalifətdən olan sədr müavini İşxan Saqatelyanın kələ-kötür nitqinə bənzəmir. Bəlkə də elə bu kələ-kötür nitqinə görə də, o gün özü demiş “Nikol polisindən” bir neçə kötək də görüb...

Amma, düz başa düşdünüz, yuxarıdakı “vətənlə bağlı niskilli sözləri” sabiq prezident Serjik Sarkisyanın “ən sadiq silahdaşlarından” olan Eduard Şarmazanov deyir.

...Müharibəni uduzandan sonra Nikol artıq xalq qarşısına çıxa bilmir, polis qalxanları arxasında gizlənir, buna görə də o artıq dövlət başçısı kimi mövcud deyil. Bu gün o, gizlənərək yaşayır.

...Deyim ki, bunu Şarmazanov deyir.

Gərək ki, yadınızda olar, o vaxt ermənilərin ilk prezidenti olmuş Levon Ter-Petrosyan müsahibələrinin birində ermənilərin sonradan “sərsəmləmə kimi” dəyərləndirdikləri bir açıqlama vermişdi. Belə ki, həmən vaxt Ter-Petrosyan Ermənistan və erməni millətinə milli ideologiyanın lazım olmadığını bəyan etmişdi. O, hələ bununla kifayətlənməyib, özündən sonra Ermənistana rəhbərlik edəcək rəhbərlərdən hansısa birinin milli erməni ideologiyasına əsaslanan alternativ formalaşdıra biləcəyini də şübhə altına almışdı.

Gərək ki, o da yadınızda olar, Levon Ter-Petrosyan ermənilər üçün korrupsiyadan azad, sabit və möhkəmlənmək üçün bütün ilkin şərtləri özündə cəmləşdirən dövlət quruculuğu barədə danışanda, Serjik Sarkisyan az qala erməni dilində “...yest takoy partiya” deyib ayağa durmağa çalışmışdı.

Doğrudur, həmən vaxt onun ətəyindən dartıb yerində oturtsalar da, amma mən onun həmən vaxt Şarmazanov kimi “arator bir silahdaşa” güvəndiyinə az da olsa şübhə edmirəm.

Amma sonradan hakimiyyətə gələn Serjik, doğrudur, ölkədə “milli erməni ideologiyası” yarada bilməsə də, amma buna baxmayaraq, Şarmazanovun apardığı təbliğat hesabına Ermənistandakı “korrupsiya və rüşvətin kökünü” lap dibindən kəsdi. Hə, indi nə olsun ki, ermənilər bunun əksini, yəni Serjikin Ermənistandakı “korrupsiya və rüşvəti” ən yüksək “fazaya” qaldırdığını deyirlər.

...Nə isə, Şarmazanovla bağlı xırda təfərrüatlara varıb, mətləbdən uzaqlaşmayaq.

Çünki, bu gün İrəvanda Ermənistanın gələcək taleyi həll olunur. Hətta, deyilənə görə, Nikolun hakimiyyətdən uzaqlaşdırmaq ehtimalı da böyükdür. Bəs belə olan halda, Şarmazanov Serjik Sarkisyanla vaxtilə “əl-ələ verib” Ermənistan Respublika Partiyası kimi “dəyərli qurumu” hansı gün üçün yaradıblar? Xalq adından danışıb, ermənilərin nəfinə nə isə deməyin əsil məqamıdır.

Təbii ki, bunları yaxşı başa düşən Eduard Şarmazanovun

sözlərinə görə, daha bir nailiyyət vətənpərvər, vətəninin taleyindən narahat olan vətəndaşların mübarizəsinə qoşulmasıdır ki, onların da sayı hər gün guya çoxalır.

Kohnə “Serjik silahdaşı” deyir ki, bu, həqiqətən də “vətən uğrunda döyüşdür”.

O, həmçinin bildirir ki, bu günlərdə baş verənlər guya “dirçələn Qarabağ hərəkatı”dır, yəni “oyanış”dır. Eduarda görə, insanlar öz ölkələrinin ağasıdır və onlar guya baş nazirin “təklif elədiyi” Türkiyə vilayətində, Nikolun, nikolizmin hakimiyyəti altında yaşamaq istəmirlər.

...Əslində, ermənilərin öz ölkələrində, öz ölkələrinin ağası kimi yaşamalarına heç kim irad bildirə biməz. Bu onların da haqqıdır. Amma Şarmazanovun “dirçələn Qarabağ hərəkatı” barədə dediklərinin ermənilər üçün artıq əlçatmaq mifalogiyadan başqa bir şey olmadığını yəqin Eduardın özü də yaxşı qanır. Ermənilərin yenidən belə bir “sevdaya” düşmələrinin onlar üçün bu dəfə yaxşı sonunclanmayacağını Serjik tərəfdarı da elə rəhbəri kimi çox gözəl başa düşür.

Amma, neyləyəsən ki, bu da bir siyasətdir, özü də əsil erməni siyasəti...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə