Uçdu göylərə..."erməni peyki"..?

...ciddi funksiyaları yerinə yetirən geostasionar peyklər 200-250 milyon dollara başa gəlir, amma Ermənistanın öz peyki olması üçün heç vaxt bu qədər vəsaiti olmayıb

...Bizdə onu necə deyirirlər, hə, deyəsən yadıma düşdü: “yetib hər yarağımız, qalıb saqqal darağımız”.

...Deməli, erməni saytlarının verdiyi xəbərə görə, ermənilərin ilk peyki Amerikanın “SpaceX” şirkətinin raketi ilə birgə orbitə çıxarılıb. O da deyilir ki, kosmik gəminin buraxılması İspaniyanın “SATLANTIS” şirkəti ilə əməkdaşlıq nəticəsində təmin edilib.

Qeyd edək ki, müjdəni ermənilərə ölkənin baş naziri Nikol Paşinyan çatdırıb. Təbii ki, Nikol yalan danışmaz. Bir də ortada fakt var axı. Diqqət yetirin: “2022-ci il mayın 25-də Yerevan vaxtı ilə saat 22:35-də “SpaceX” gəmisi ilə ABŞ-ın Kanaveral burnundan Yer kürəsinin orbitinə ilk erməni kosmik peyk buraxılıb”.

Bildirim ki, Nikol bunu hökumət iclasında deyib.

Paşinyanın sözlərinə görə, Ermənistanın “Geokosmos” şirkəti ilə İspaniyanın “SATLANTIS” şirkəti arasında əməkdaşlıq raketin buraxılışını həyata keçirməyə imkan verib.

Deməli bundan sonra erməni peyki iqlim dəyişikliyinin monitorinqi, sərhəd nəzarəti, fövqəladə halların qarşısının alınması və idarə olunması üçün istifadə olunacaq.

Baş nazir bundan əlavə, 2023-cü ilin sonuna kimi Ermənistanda peyk idarəetmə mərkəzinin, daha sonra qəbul məntəqəsinin, bu məntəqədə işləyəcək mütəxəssislər komandasının formalaşacağını da bildirib.

...Amma kimə deyəsən?

Budur, erməni rəsədxana işçisi Areq Mikaelyan deyir ki, düzdür, Ermənistanın kosmik peyki olması mühüm addımdır, lakin dünən Yerə yaxın orbitə buraxılan peykin tam və ya qismən erməni olması hələ bizə açıq-aydın elan edilməyib.

...Belə erməniyə nə deyəsən? Yazıq, özünü həlak edən Paşinyan o boyda peyki orbitə buraxmazdan əvvəl axı necə gətirib sizə göstərə bilərdi? Adam sizə deyir ki, peyk Amerikanın “SpaceX” şirkətinin raketi ilə orbitə çıxarılıb.

Nikol o boyda peykin əsil erməni peyki olduğunu Ermənistandakı ermənilərə göstərməyə gətirə bilməzdi axı. Çünki Nikol özü də etiraf edib deyir ki, Amerikanın “SpaceX” şirkətinin raketini gözlədə bilməzdi.

Amma yenə də kimə deyirsən?

...Və yenə bu Areq Mikaelyan o “it əl çəkər, motal əl çəkməz” hikkəsiylə Nikoldan soruşur ki,..adətən normal, yəni ciddi funksiyaları yerinə yetirən geostasionar peyklər 200-250 milyon dollara başa gəlir. Ermənistanın da ki, öz peyki olması üçün heç vaxt bu qədər vəsaiti olmayıb.

...Maraqlıdır, görən, bu Mikaelyanın məqsədi nədir? Görün, hələ bir sonra nə deyir. Qayıdıb deyir ki, mən Ermənistanın orbitə peyk göndərməsi ilə bağlı məlumatı yekun hesab etmirəm, çünki bizim öz gücümüzlə peyk yarada biləcəyimizə inanmıram...

İndi Areqin dediyindən belə çıxır ki, o boyda baş nazır yalan danışır? Bəs, “SATLANTIS” şirkətinin iştirakı, İlon Maskın xidməti, bunlar da yalandır?

...Hə, deyəsən, Mikaelyan bir az “yumşalır” və peykin qismən erməni olduğuna özünü inandırmaq istəyir, amma yenə də, “biz hər şeyi aydın başa düşməyənə qədər bu məlumatı yekun hesab etməyəcəyik” deyir.

Sonra yenə də peykin Ermənistanın peyki olması faktını dəqiq ifadə etmək mümkün olmadığını deyir. Mikaelyana görə, peykə malik olmaq onun nəzarətinə tam sahib olmaq və məlumatlara çıxış imkanı deməkdir.

Ona görə də bu peyki erməni adlandırılmaq üçün o peyk Ermənistanın maraqlarına xidmət etməlidir. İndi bu peykin bəlkə də cüzi bir faizi ermənidir. Amma bizə onun neçə hissənin erməni olduğu açıqlanmır. Amma... acıqlanmalıdır.

Bundan əlavə, Areq Mikaelyan hələ bir sual da edir ki, bir halda ki, bizim yarımerməni peykimizə çıxışımız yoxdursa və peyk göydə özü üçün fırlanırsa, bundan bizə nə fayda? Guya gələn il idarəetmə mərkəzi, daha nə bilim qəbuledici məntəqə yaradılacaq. O vaxta qədər isə, bizim yarımerməni peykimizə çıxışımız olmayacaqsa, bu, bizim nəyimizə lazımdır?. Yəni bizim peyk vasitəsilə əldə edəcəyimiz məlumata başqaları sahib olacaqsa, onda heç belə bir peykə malik olmamaq daha yaxşıdır. Axı burada məxfilik, hərbi məlumatlar məsələsi var?

... Areq Mikaelyana deyən gərək, bayaqdan “özünü həlak etməyə” nə lüzum var? Rəsədxana işçisisən, götür işlədiyin rəsədxanadakı ən böyük lupalardan birini və göydəki peyklərdən ən çox bəyəndiyini seçmələyib erməni “etiketini” yapışdır üstünə.

Onsuz da çox cəkməyəcək, həm “SATLANTIS” şirkəti, həm də İlon Mask sizə göstərdikləri yaxşılıqların əvəzini “erməni lütfkarlığıyla” alacaqlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə