“Ukrayna ərazisindən bir parça Rusiyaya vermək..?”

Zelenski düşmənə güzəşt təkliflərinə sərt cavab verib
“Ukrayna ərazisindən bir parça Rusiyaya vermək..?”

Prezident Vladimir Zelenski bəzi Qərb siyasətçilərinin Ukraynanın Rusiyaya güzəştə getməsi, o cümlədən ərazisinin bir hissəsini verməklə bağlı təkliflərini tənqid edib.

Ənənəvi axşam videomüraciətində dövlət başçısı, xüsusən də ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin sözlərinə kəskin cavab verib. Qeyd edək ki, bundan əvvəl də Kissincer Ukraynanın güzəştə getməsi tələb olunsa belə, Rusiya Federasiyası ilə danışıqlar aparmalı olduğunu bildirmişdi.

Amma, Zelenski dünyada təcavüzkar ölkənin maraqlarının nəzərə alınması ilə bağlı təkliflərin olmasından hiddətlənib.

Beləliklə, dövlət başçısı bildirib ki, Rusiyanın Ukraynaya vurduğu yaralara, Ukrayna torpaqlarında etdikləri özbaşnalıqlara, zorlama və alçaltmalara baxmayaraq, onlar heç bir torpaq itkisiylə barışmayacaqlar. Ruslara güzəşt təklifləri ilə bağlı səsləndirilən fikirlərə sərt cavab verən Zelenski rusların bütün bunları Avropada etdiklərini “təklifçilərə” xatırladır.

Qeyd edək ki, Ukrayna prezidenti ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin təklifini daha kəskin tənqid edib. Ona hazırda 1938-ci ildə yox, 2022-ci ildə yaşadığını və onun o vaxtkı Münhendə deyil, Davosda danışıqlara qatıldığını “xatırladıb”.

Yeri gəlmişkən xatırladaq ki, mayın 25-də Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı edən Henri Kissincer Rusiyanı danışıqlara “qaytarmaq” üçün Ukraynadan güzəştə getməyi məsləhət bilmişdi. Onun fikrincə, Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar, aradan qaldırılması asan olmayacaq nəticələrə gətirib çıxarmazdan əvvəl, yəni yaxın iki ay ərzində başlamalıdır.

Qeyd edək ki, bu arada ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin açıqlamalarına münasibət bildirən Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak onu “Davos həyəcançısı” adlandırıb.

Onu da qeyd edək ki, bir müddət bundan əvvəl Polşa prezidenti Anjey Duda bütün dünyanı Rusiya Federasiyası ilə əlaqələri kəsməyə çağırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə