Rio-de-Janeyroda 21 nəfər öldürülüb…

"Globo” telekanalının çərşənbə axşamı yaydığı məlumata görə, Braziliya hüquq-mühafizə orqanlarının Rio-de-Janeyroda keçirdiyi xüsusi əməliyyat nəticəsində azı 21 nəfər ölüb.

SİA-nın rus saytlarına istinadən əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının məqsədi ölkənin ən böyük mütəşəkkil cinayət qruplarından biri olan Komando Vermlyonun yerli liderlərini ələ keçirməkdir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşlarının son məlumatına görə, mütəşəkkil cinayətkar dəstənin liderlərinin gizləndiyi gecəqondu ərazisinə basqın nəticəsində quldur dəstəsinin üzvü olduğu ehtimal edilən 12 nəfər məhv edilib. Daha səkkiz nəfərin şəxsiyyəti isə hələ müəyyən edilməyib.

Braziliya mətbuatının məlumatına görə, 41 yaşlı yerli sakin də xüsusi əməliyyatın təsadüfi qurbanı olub, bundan əlavə daha 5 nəfərin yaralandığı bildirilir.

Yeri gəlmişkən, Favelalar nisbətən aşağı yaşayış səviyyəsinə və yüksək cinayət nisbətinə malik şəhər gecəqondularıdır. Bu ərazilərdə təhlükəsizliyi xüsusi polis bölmələri həyata keçirir, lakin orada narkotik mafiyasının təsiri çox güclü olaraq qalır. Braziliyada cinayətkarlığın yüksək olması ölkədəki ən aktual problemlərdən biridir, bunu çoxsaylı rəy sorğuları sübut edir.

Məsələn, Cənubi Amerika ölkələrində keçirilən rəy sorğularında bu ölkələrin vətəndaşlarının 60 faizi axşam saatlarında evlərini tərk etməyə qorxduqlarını etiraf ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...