Yaponiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü ola bilər

ABŞ prezidenti Co Bayden Yaponiyada islahatlar aparılacağı təqdirdə ona BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusunun verilməsinə çağırıb. SİA xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

O qeyd edir ki, Bayden bu mövqeyi bazar ertəsi Tokioda Yaponiya hökumətinin başçısı ilə keçirilən danışıqlarda səsləndirib.

Martın 13-də Yaponiyanın baş naziri Fumio Kişida hakim Liberal Demokrat Partiyasının qurultayında çıxışı zamanı Ukrayna ətrafında mövcud vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının tərəfdarı olduğunu bildirib.

ABŞ prezidenti həmçinin Yaponiyanın öz müdafiə qabiliyyətini təkmilləşdirmək istəyini dəstəkləyib. Bu barədə Ağ Evin bazar ertəsi Tokioda ABŞ prezidenti ilə Yaponiyanın baş naziri Fumio Kişida arasında apardığı danışıqların yekunlarına dair yaydığı bəyanatda deyilir.

Vurğulanır ki, Bayden də Yaponiya hökuməti başçısının Ukraynadakı vəziyyətlə bağlı hərəkətlərini yüksək qiymətləndirib. ABŞ prezidenti bildirib ki, ABŞ-Yaponiya ittifaqı Hind-Sakit okean regionunda sülh və sabitliyin təməl daşıdır.

Aprel ayında Yaponiyanın hakim Liberal Demokrat Partiyası hökumətdən müdafiə büdcəsini ikiqat ÜDM-in 2%-nə çatdırmağı düşünməyi xahiş etmişdi. Qeyd edək ki, Yaponiya son bir neçə ildə müdafiə xərclərini artıraraq qonşu ölkələrin tənqidinə səbəb olub. Bu maliyyə ilində (2022-ci ilin aprelindən başlayaraq) bu məqsədlər üçün ayırmalar əvvəlki illə müqayisədə təxminən 50 milyard yen artaraq 5,37 trilyon yen (cari məzənnə ilə 41,9 milyard dollar) təşkil edib ki, bu da rekord yüksək göstəricidir.

Bütün xəbərlər Facebook səhifəmizdə