COVID-19 virusuna daha 186 min şübhəli yoluxma qeydə alınıb

Şimali Koreyada COVID-19 virusuna daha 186 min şübhəli yoluxma və bir ölüm faktı qeydə alınıb. SİA xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) ölkənin epidemiya ilə mübarizə qərargahına istinadla ötən sutka ərzində 186 min 90 nəfərdə qızdırma simptomları müşahidə olunduğu barədə məlumat yayıb. Daha bir nəfərin ölməsi ilə tələfat sayı 67-yə yüksəlib.

Qeyd edək ki, uzun müddət ölkədə СOVID-19 virusunun olmadığını bəyan edən, hətta COVAX proqramı çərçivəsində vaksinlərdən də imtina edən rəsmi Pxenyan mayın 12-də virusa ilk yoluxmalar barədə açıqlama verib. KCNA agentliyi ilk yoluxma hallarından bəri 2,64 milyon nəfərdə qızdırma aşkarlandığını açıqlasa da, neçə nəfərin koronavirus testinin cavabının pozitiv olması barədə məlumat verməyib. Agentlik yoluxanların 2,06 milyon nəfərinin sağaldığını bildirib.

Xarici müşahidəçilər isə Şimali Koreyanın səhiyyə sisteminin epidemiya ilə mübarizə üçün yetərli olmadığını, o cümlədən testetmə potensialının zəif olduğunu, bu səbəbdən də xəstə, tələfat və sağalanların sayı barədə rəqəmlərin dəqiq olmaya biləcəyini güman edir.

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ölkənin virusla mübarizəsində fövqəladə hal elan edib. Kim Çen In gözlənilməz böhranı dəf etmək üçün bütün şəhər və rayonlarda sərt qapanmaları tətbiq etməyi tapşırıb. Onun əmri ilə hərbçilər də epidemiya ilə mübarizəyə cəlb olunublar. Bundan başqa, səhiyyə sahəsi üzrə bütün işçilər, hətta tibb ixtisasları üzrə müəllim və tələbələr də epidemiya ilə mübarizədə iştirak edir.

Cənubi Koreya COVID-19 virusuna yoluxmaların sürətlə çoxaldığı Şimali Koreyaya humanitar yardım, o cümlədən tibbi ləvazimatlar və virusa qarşı peyvənd göndərməyi təklif etsə də, rəsmi Pxenyan Seulun bu təklifinə hələ də reaksiya verməyib.

Bu günlərdə Cənubi Koreyada rəsmi səfərdə olan ABŞ Prezidenti Cozef Bayden həmkarı Yun Sok Yol ilə keçirdiyi birgə mətbuat konfransında Vaşinqtonun da Şimali Koreyaya vaksin təklif etdiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə