Rusiya itkilərini niyə gizlədir?

Rusların etirafına görə, Ukraynada 491 yüksək çinli rus zabiti öldürülüb..?

Ukraynada genişmiqyaslı müharibə zamanı öldürülən Rusiya hərbçilərinin beşdə biri zabitlərdir.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə “Mediazon” internet mediası yazır.

Beləliklə, Rusiya internet mediasının etirafına görə, guya fevralın 24-dən mayın 20-dək Ukraynaya qarşı genişmiqyaslı müharibədə Rusiya ən azı 2622 hərbi qulluqçusunu itirib ki, onlardan da 491-i zabitdir.

Eyni zamanda, onların dördüncü hissəsini böyük zabitlər - mayorlar, polkovnik-leytenantlar və polkovniklər təşkil edir.

41-ci ordunun general-mayoru Andrey Suxovetskinin, 8-ci ordunun general-mayoru Vladimir Frolovun və Rusiya Federasiyası Qara Dəniz Donanması komandanının müavini, birinci rütbəli kapitan Andrey Paliyinin sıradan çıxarılması, yəni öldürülməsi də ruslar tərəfindən təsdiqlənib.

Yenə də rusların etirafına görə, Zabit korpusundakı itkilərdən əlavə, Rusiya Silahlı Qüvvələrinin elit və döyüşə hazır hesab edilən qoşunlarda, o ğümlədən Hava-Dəniz Qüvvələri, Dəniz Piyadaları və Xüsusi Təyinatlı Qüvvələrdə də itkilər çoxdur.

İstintaq onu da qeyd edir ki, təsdiqlənmiş 2622 rus hərbçisinin ölməsi Rusiyadakı itkilərin real səviyyəsini əks etdirmir. Belə ki, itkin və əsir düşənlərin sayı da hələ də məlum deyil.

Yeri gəlmişkən, Ukraynanın “UNIAN” saytının məlumatına görə, fevralın 24-dən mayın 20-dək rusların ümumi döyüş itkiləri təxminən 28,7 min nəfər təşkil edib.

Qeyd edim ki, amma ruslar onların itkiləriylə bağlı Ukrayna tərəfinin təqdim etdiyi rəqəmlərlə razılaşmırlar. Bununla belə itkilərinin nə qədər olduğunu da demirlər.

Xatırladaq ki, bir müddət bundan əvvəl jurnalistlərin qabağına çıxan İqor Konaşenkov Rusiya ordusundakı itkilərlə bağlı ona ünvanlanan bütün sualları cavabsız buraxdı. Təkcə bunu təkrarladı ki, guya “Rusiya Silahlı Qüvvələrinin itkiləri öldürülən ukraynalı hərbçilərin sayından dəfələrlə azdır”.

Onu da qeyd edim ki, artıq üç aya yaxın olan müharibə ərzində Rusiyanın dövlət agentliyi TASS ilk dəfə rus hərbçilərinin itkiləri ilə bağlı məlumatları dərc etsə də, bir müddət daha sonra bu məlumatları sildi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə