“Münaqişə qonşu ölkələrə də keçə bilər..?”

Bu tədbirlər Moldovanı Rusiyanın ehtimal edilən işğal təhlükəsindən qorumaq məqsədi daşıyır

...Yeri gəlmişkən, NATO müttəfiqləri təkcə Ukraynanın deyil, Moldovanın da alyansın standartlarına uyğun silahlanması məsələsini müzakirə edirlər. Bu barədə cümə günü axşam “The Daily Telegraph” qəzetinin saytında dərc olunmuş müsahibəsində Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib.

“Mən Moldovanın NATO standartlarına uyğun təchiz olunmasını istərdim. Biz müttəfiqlərimizlə bununla bağlı müvafiq müzakirələr aparırıq”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Liz Trass deyib.

Qeyd edək ki, britaniyalı siyasətçi, Moldovaya Rusiyadan gələn hərbi təhlükənin buna səbəb olub-olmadığı sualına da müsbət cavab verib.

Trass nəşrə Moldova Silahlı Qüvvələrinin NATO standartlarına uyğun təchiz edilməsinin ölkəyə sovet analoqlarını əvəz etməli olan hərbi texnikanın tədarükü, eləcə də Moldova hərbçilərinin bunu idarə etmək üçün hazırlanmasını nəzərdə tutduğunu bildirib.

Onun sözlərinə görə, bütün nəzərdə tutulan bu tədbirlər ölkəni Rusiyanın ehtimal edilən işğal təhlükəsindən qorumaq məqsədi daşıyır.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Moldova hökuməti respublikanın daimi neytrallığı ilə bağlı təşəbbüsü dəstəkləməkdən imtina etmişdi. Belə ki, ölkənin Xarici İşlər Nazirliyinin səlahiyyətlisi Vyaçeslav Dobında belə bir qərarın dövlətin milli maraqlarına zidd və onu beynəlxalq səviyyədə təcrid edə biləcəyini demişdi.

Bu arada, baş nazir Nataliya Qavrilitsa da Moldovanın neytral dövlət statusunu saxlamaq niyyətində olduğunu bəyan etmişdi.

Bu il aprelin sonunda Moldova prezidenti Mayya Sandu isə respublikanın hazırda Rusiya qazına alternativinin olmadığını bildirmişdi. Sandu yanacağın baha olması səbəbindən bazardan alınmasının ağlabatan alternativ sayıla bilməzliyini də diqqətə çatdırmışdı. Əslində prezident xanımın bəzi nüansları açıqlamayıb üstündən ötəri keçməsi, təbii ki, başadüşüləndir…

Amma…yenə bu arada Fransa prezidenti Emmanuel Makron Ukraynadakı münaqişənin qonşu ölkələrə də keçə biləcəyini istisna etməmişdi. Bununla yanaşı, Makron Fransa regional təhlükəsizliklə bağlı vəziyyəti, eləcə də Moldovanın suverenliyi və ərazi bütövlüyünə mümkün qəsdləri diqqətlə izləyəcəyini də bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə