“Acından öləndə deyərəm sizə...”

“Acından öləndə deyərəm sizə...”

...Hər halda, dünyaya xəbərdarlıq etməsi “təqdirəlayiqdir”. Belə ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dünyaya xitabən dünənə qədər Rusiyadan buğda və digər ərzaq məhsulları alan ölkələrin bundan sonra çox çətin anlar yaşayacaqlarını onlara xatırladıb.

Medvedev, onu da elə... onların yadına salaraq deyib ki, Avropa və digər tarlalarda bizim gübrələrimiz olmadan yalnız şirəsiz alaq otları yetişdirəcəksiniz. (...amma hər halda, sağ olsun ki, qanqal demir...bilirsiniz də, qanqalı kimlər yeyir-A.B.)

Medvedev bir də onu deyib ki, daha bundan sonra kədərlənməyinizin və ya peşimançılıq çəkməyinizin bizim üçün heç bir önəmi yoxdur. Çünki bütün olanlarda özünüz günahkarsınız(?).

Qeyd edək ki, sədr müavi bunları Telegram-da yazıb.

...Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Dmitri Medvedevə “dəstək” olaraq Qərbi qlobal ərzaq bazarındakı böhranda ittiham edib. (...acından öləndə deyərəm sizə...)

...Yadımdaykən onu da deyim, deməli Çinin “Huanqiu Shibao” nəşri öz məqaləsində “Böyük yeddilik” ölkələrinin buğda qıtlığı və ərzaq böhranında Rusiyanın günahkar olması barədə dediklərinə irad bildirərək, bütün bunları təxribat adlandırıb.

...Yəni onun da dediyindən belə cıxır ki, günahkar ruslar yox, rusun haqsız əməllərinə qarşı çıxanlardır?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə