Ukrayna Mariupol müdafiəçilərinin xilasına qalxdı

“...Amma nə təəssüflər ki, Ukrayna ordusunun “Azovstalı” hərbi yolla azad etmək imkanı yoxdur”

Qeyd edilməlidir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar da öz etirafda vurğulayıb...

...O vurğulayıb ki, məhz Mariupolun müdafiəçiləri sayəsində Ukrayna hərbçiləri ehtiyatların formalaşdırılması, qüvvələrin yenidən qruplaşdırılması və tərəfdaşlardan kömək almaq üçün kritik vaxt qazana biliblər.

Malyarın dediyinə görə, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Sərhəd Xidməti birlikdə "Azovstal" zavodunun ərazisində blokadaya alınmış Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatına artıq başlayıb.

Ötən gün, mayın 16-da 53 ağır yaralı tibbi yardım üçün “Azovstal”dan Novoazovskdakı tibb müəssisəsinə təxliyə edilib .

Malyarın sözlərinə görə, daha 211 nəfər humanitar dəhlizlə Olenevkaya çatdırılıb və onların evlərinə qaytarılması üçün mübadilə proseduru həyata keçiriləcək.

“Azovstal” ərazisində hələ də qalan müdafiəçilər üçün isə yuxarıda sadalanan güc strukturlarının birgə səyi ilə xilasetmə tədbirləri həyata keçirilir”.

Bunu da nazir müavini əlavə edib.

Yeri gəlmişkən, nazir müavini etiraf edib ki, Mariupolun müdafiəçiləri komandanlıq tərəfindən qarşıya qoyulan bütün tapşırıqları tam şəkildə yerinə yetiriblər.

Amma nə təəssüflər ki, Ukrayna ordusunun “Azovstalı” hərbi yolla azad etmək imkanı yoxdur.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin bu gün də israrlıdır və hətta tələb edir: “Azovstal”dakı bütün hərbçilər silahlarını yerə qoyub, “əllərini qaldıraraq” təslim olmalıdırlar. Putin hətta Rusiyanın onlarla “beynəlxalq hüquqa uyğun davranacağına” da “zəmanət” verir(?).

Amma, bütün bunlara baxmayaraq, bu gün bütün Ukrayna və bütün dünya üçün ən mühüm ümumi vəzifə Mariupolun müdafiəçilərinin həyatlarını xilas etməkdir.

Qeyd edək ki, Rusiya KİV-ləri mayın 16-da bildiriblər ki, ruslar “Azovstal”ın ukraynalı müdafiəçiləri ilə Novoazovsk istiqamətində yaralı əsgərlər üçün dəhliz açmaq barədə razılığa gəliblər.

Daha sonra “Azov” komandiri Denis Prokopenko bildirib ki, “həyatları xilas etmək üçün bütün Mariupol qarnizonu yüksək hərbi komandanlığın təsdiq edilmiş qərarını yerinə yetirir və Ukrayna xalqının dəstəyinə ümid edir”.

Prokopenko həmçinin onu da vurğulayıb ki, peşəkar təlim keçmiş hərbi personal olmadan heç bir silah işləməyəcək və bu da onları ordunun ən qiymətli elementi edir.

Son anda: Gərək ki, rusların dönüklüyü ilə bağlı hansısa bir nümunəni göstərməyə ehtiyac olmayacaq. Məsələ bundadır ki, dünən yaralı Mariupol müdafiəçiləri üçün dəhliz açmaq barədə razılıq verən ruslar, bu gün Mariupol müdafiəçilərinin “Azovstal” ərazisindən azad edilməsi ilə bağlı danışıqlar aparmır,.. döyüşçülərin təslim olmasını tələb edirlər.

Bundan əlavə, ruslar ukraynalı hərbçilərin yerləşdiyi “Azovstal”dakı bunkerlərə girmək və ya çıxışı bağlamaq cəhdlərini də dayandırmırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə