“Polşanın əməlləri bizi düşünməyə vadar edir...”

Polşalı baş nazir rus dünyasını “Avropanın bədənində xərçəng şişi” adlandırıb

"...Polşa hakimiyyətinin son bəyanatları bizi ölkəni denazifikasiya sırasına qoymaq zərurəti barədə düşünməyə vadar edir”.

Qeyd edək ki, belə bir bəyanatla Rusiya Dövlət Dumasının deputatı Oleq Morozov çıxış edib.

SİA bu barədə “RİA Novosti”yə istinad edir.

“Rusiyanın “xərçəng şişi” olması və Ukraynaya ödəməli olduğumuz “təzminat” barədə bəyanatları ilə Polşa bizi Ukraynadan sonra deazifikasiya növbəsində birinci yerə qoymağa təşviq edir”, - deputat bildirib.

Onun sözlərinə görə, son vaxtlar Polşanın ali rəhbərliyi Rusiya ilə bağlı tamamilə dəhşətli bəyanatlar verirlər.

Xatırladaq ki, bir müddət bundan əvvəl Polşa lideri Anjey Duda Rusiyanın Ukraynaya təzminat ödəməli olacağını bildirib.

Bundan sonra isə baş nazir Mateuş Moraviecki rus dünyasını “Avropanın bədənində xərçəng şişi” adlandırıb və onun dərhal məhv edilməsini tələb edib.

Qeyd edək ki, Polşa hökuməti başçısının bu sözləri Kremldə də şərh edilib. Belə ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Moravieckinin dediklərinə münasibət bildirərkən deyib: “...Bu, metastaz kimi Polşa rəhbərliyini və bir çox cəhətdən Polşa cəmiyyətini vuran ruslara nifrətin kvintessensiyasıdır. Bu, hədsiz, qəzəbli və qəbuledilməz bəyanatdır”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə