Nikol Paşinyan hakim qabağına çıxarılır..?

“Nikol yazıq, neyləsin-2”
Nikol Paşinyan hakim qabağına çıxarılır..?

Ermənistanda baş nazir Nikol Paşinyan Dağlıq Qarabağda ermənilər üçün fəlakətli nəticələrə gətirib çıxaran müharibənin səbəblərinə “aydınlıq” gətirmək üçün şahid qismində dindiriləcək.

Deyim ki, bu barədə ölən hərbçilərin valideynlərinin vəkili Vaan Hovhannisyan bildirib. Ovannisyanın sözlərinə görə, dindirilmə gələn həftə gözlənilir.

Vaanın dediyinə görə, Ermənistanın Baş Prokurorluğu həlak olan hərbçilərin valideynlərinin vəsatətini təmin edib. Buna görə də, Ermənistanın baş naziri hərbi istintaq idarəsində şahid qismində dindirilməsi gözlənilir.

Vəkilin dediyinə görə, “bütün valideynlər dindirilib və onlar qurbanlar kimi tanınıblar”.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın erməni müxalifətinin Qarabağ məsələsi ilə bağlı danışıqların nəticəsiz qalması ilə bağlı ittihamlarına cavab verdiyi də bildirilib.

Onu da qeyd edək ki, bir müddət bundan əvvəl “Daşnaksütyun” partiyasının “Hayastan” blokundan olan deputatı Armen Rüstəmyan Paşinyanı “danışıqların uğursuzluğunda ittiham” edərək, müxalifətin onun və komandasının istefa tələbini oxuyub.

Baş nazir Paşinyan isə buna cavab olaraq Azərbaycanla danışıqlar prosesinin hələ ondan qabaq eks-prezident Serj Sarkisyanın vaxtında iflasa uğradığını onlara xatırladıb.

Onun müharibəni dayandıra biləcəyi ilə bağlı ittihamlara gəlincə, baş nazir xatırladıb ki, hərbi əməliyyatlar başlayan gün, 2020-ci il sentyabrın 27-də o parlamentin tribunasından müharibənin hansı şərtlə dayandırılacağını dilə gətirib: Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması.

Paşinyan indi onu “danışıqlardakı uğursuzluğuna” görə ittiham edənlərə xatırladıb ki, hələ o vaxt Ermənistan tərəfi danışıqların Madrid prinsiplərinə razılıq verməklə Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasını tanımışdı.

O hətta həmən ərəfədə indi “canfəşanlıq” edən “Daşnaksütyun” partiyasının da koalisiyada olduğunu onlara xatırladıb.

Yeri gəlmişkən, bir də xatırladaq ki, Madrid prinsipləri Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk qrupu tərəfindən hər iki tərəfə təklif olunan sülh modeli idi və bu model münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunurdu. Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal edilmiş və “Dağlıq Qarabağ Muxtar Vilayəti”nə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin statusu müəyyən olunmalı idi.

İndi, belə görünür ki, daha bunlara ehtiyac olmayacaq. Çünki həmişə olduğu kimi o vaxt da sonradan buna “dağallıq” edən ermənilər, deyəsən, indi həmən günlərin həsədini çəkirlər. Amma Nikolun bütün bunları ermənilərə bir daha xatırlatması elə də pis hal kimi qəbul edilməməlidir.

...Sonda xatırladaq ki, aprelin sonundan bəri İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları hələ də davam edir. Bununla bağlı erməni türmələri də “şişməkdə” davam edir. Deyilənə görə, ötən günlərdə saxlanılanların sayı 200 nəfərə yaxın olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə